"Zirə" divizion klubuna qalib gəldi
“Zirə” AÇ-2016-nın seçmə mərhələsi ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə hazırlığını davam etdirir. “Qartallar” artıq bir yoxlama görüşündə də qüvvəsini sınayıb.

Sözügedən komanda “Ağsu” ilə üz-üzə gəlib. Baş məşqçi Adil Şükürov start heyətdə Kamal Bayramov, Eltun Hüseynov, Çimezi Mba, Yovan Krneta, Aleksandr Şemonayev, Tərzin Cahangirov, Viktor İqbekoyi, İqor İvanoviç, Rəşad Abdullayev, Təmkin Xəlilzadə və Nurlan Novruzovu meydana buraxıb.

Oyuna “Zirə” üstün başlasa da, əks-hücumda yaxşı oynayan “Ağsu” tezliklə hesabı açıb. Bundan sonra bir neçə təhlükəli hücum həyata keçirən bakılılar 38-ci dəqiqədə sağ cinahdan həyata keçirilən həmləni qolla tamamlayıblar. Eltunun qapı qarşısına ötürməsini qəbul edən İqor baxımlı zərbə ilə topu “doqquzluğ”a göndərib – 1-1.

İkinci hissədə baş məşqçi Elməddin Məmmədov, Hacı Əhmədov, Ruslan Cəfərov, Luis Alberto Tato, İlqar Hüseynov, Vüsal İsgəndərli, Mirkamil Həşimli və Nicat Qurbanovu meydana buraxıb. Son 45 dəqiqədə də “qartallar” üstün oyun sərgiləyiblər və bu hesabda da öz əksini tapıb. Əvvəlcə Vüsalın qapıya paralel ötürməsini Nurlan qola çevirib. Ardından Hacının cinah ötürməsi ilə Vüsal oyunda son nöqtəni qoyub. “Zirə” yoxlama oyununda 3:1 hesablı qələbə qazanıb.

Adil Şükürovun komandasə sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək.

Xəbər 743 dəfə oxundu.