“Qarabağ” komandası üçüncü topu “Yanq Boyz”un qapısından keçirib [YENİLƏNİB]
Oyunun 61-ci dəqiqəsində künc zərbəsindən sonra başlanan hücumda Riçard Almeydanın ideal ötürməsindən sonra Əfran İsmayılov “Qaraba”ğın üçüncü qolunu rəqib komandasının qapısından keçirib – 3:0.

21:49

Beləliklə, “Qarabağ” komandası “Yanq Boyz” ilə qarşılaşmada fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

21:45

Fasiləyə 2 dəqiqə qalmış rəqibin müdafiə xəttinin səhvindən məharətlə istifadə edən Reynaldo nəhayət istəyinə çataraq hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.

21:07

Oyunun 3-cü dəqiqəsində Reynaldoya qarşı kobudluğa görə “Yanq Boyz” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib.

Zərbəni dəqiq yerinə yetirən Riçard Almeyda “Qarabağ”ı hesabda irəli çıxarıb – 1:0.

Rəqib komandanın futbolçusu Leonardo Bertone qırmızı vərəqə ilə cəzalandırılıb.

21:00

Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası “Yanq Boyz” (İsveçrə) kollektivini qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Qarabağ”ın ilk on birliyində İbrahim Şehiç, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Dani Kintana, Əfran İsmayılov və Reynaldo Silva yer alıblar.

“Yanq Boyz”un start heyətində isə İvan Mvoqo, Skott Satter, Milan Vilotiç, Stiv fon Bergen, Florent Haderqyonay, Miraləm Süleymani, Leonardo Bertone, Yuya Kubo, Denis Zəkəriyyə, Aleksandr Qonsales və Qiyom Oaro meydana çıxıblar.

Matçın əsas hakimi Qedminas Majeykadır. Ona həmyerliləri Vytautas Simkus və Vitenis Kazlauskas kömək edirlər. Sergey Sliva isə dördüncü hakim funksiyasını yerinə yetirir.

Qarşılaşmanı izləmək üçün stadiona gəlmiş çoxlu sayda azarkeş əllərində “Qarabağ” klubunun bayraqları ilə komandamızı dəstəkləyirlər.

Qurban Qurbanovun komandası ilk oyunda rəqibi 1:0 hesabı ilə məğlub ediblər.

Xəbər 747 dəfə oxundu.