Yannis Anastasiu: Qəbələ ilə cavab matçında tam fərqli oynayacağıq
Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransı təşkil edib. O, öncə bunları söyləyib:

"Pley-off mərhələsində asan oyun ola bilməz. Bizim cavab görüşündəki çıxışımızdan, xüsusilə onun nə dərəcədə effektli olmasından çox şey asılıdır. Bəxt də vacibdir. Ölkə çempionatının startında qələbə qazandıq. Ona görə komandada yaxşı ab-hava hökm sürür. Qələbə qazanmaq və qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik".

Yunanların çalışdırıcısı "Panatinaikos"un asan qələbə qazanacağını düşünənlərlə razılaşmadığını dilə gətirib: "Belə danışanları başa düşmürəm. İndi Avropada, qitə miqyaslı turnirin bu mərhələsində asanlıqla 3-4 qol vuracağın rəqib yoxdur. Bizi ağır oyun gözləyir. Bizi asan oyun gözlədiyini deyənlərlə razı deyiləm. Biz də bilirik ki, növbəti mərhələyə vəsiqə qazanmağa borcluyuq. Uşaqlar hər oyunda qələbə qazanmaq üçün çalışırlar. Bakıda qol vura bilməsək də, çempionat oyununda buna nail olduq. Qarşıdakı oyunda da bunu təkrarlamağa çalışacağıq".

Anastasiu Bakıdakı oyunu da xatırlayıb: "İlk oyunda daha çox "Qəbələ"ni zərərsizləşdirmək haqda düşünürdük. Eyni zamanda boşluqlar axtarırdıq ki, hücumlar təşkil edək, qol vuraq. Bu dəfə isə yəqin ki, tam fərqli oyun sərgiləyəcəyik. Hər şeyi sabah özünüz görəcəksiniz".

"Panatinaikos"un baş məşqçisi "Qəbələ" barədə də danışıb: "Qəbələ"nin əvvəlki mərhələlərdə keçirdiyi oyunlara baxmışdım. İlk oyunumuzda onların oxşar futbol sərgiləyəcəyini gözləyirdim. Demək olar ki, ciddi fərq görmədim".

Xəbər 744 dəfə oxundu.