Avropa İdman Jurnalistləri İttifaqının konqresində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq
Sentyabrın 11-13-də Belarus Milli Olimpiya Komitəsinin (MOK) mənzil-qərargahında ilk dəfə Avropa İdman Jurnalistləri İttifaqının konqresi və KİV-lər üçün seminar keçiriləcək.

Forumda Avropanın 25 ölkəsindən, o cümlədən Azərbaycandan 40-dan çox nümayəndə iştirak edəcək.

Minskin 2019-cu ildə yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının paytaxtı seçilməsi və Darya Domraçevanın KİV-lərin sorğusunda “2014-cü ilin ən yaxşı idmançısı” nominasiyasının qalib olması ilə əlaqədar Avropa İdman Jurnalistləri İttifaqından “Belarus İdman Mətbuatı Assosiasiyası” İctimai Birliyinin ünvanına III konqresin və seminarın Minskdə təşkil edilməsi təklifi ilə müraciət daxil olub. Tədbirlər planını dəstəkləyən Belarus MOK seminarın baş təşkilatçılığını öz üzərinə götürüb. Avropa Olimpiya Komitələrində bəyənilən plan Minskdə “Olimpiya həmrəyliyi” proqramı üzrə keçiriləcək.

Tədbirdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlonun (İtaliya), AIPS-in Avropa bölməsinin prezidentı Yanis Darasın (Yunanıstan), qurumun baş katibi Çarlz Kamenzulinin (Malta), milli assosiasiyaların rəhbərlərinin və baş katiblərinin, habelə şərhçilərin və müxbirlərin iştirakı gözlənilir.

İştirakçılar “Minsk-Arena”ya, Ratomka və Raubiçidə respublika Olimpiya hazırlığı mərkəzlərinə gedəcəklər. Avropa jurnalistləri “Əfsanələrin mübarizəsi – biatlon ulduzları sülh uğrunda“ və Minsk beynəlxalq marafonunun işıqlandırılmasında iştirak edəcəklər. Raubiçidə 2014-cü ilin ən yaxşı idmançısı Darya Domraçevanın mükafatlandırılması mərasimi keçiriləcək.

İclasları MOK-un mənzil-qərargahında keçiriləcək seminar çərçivəsində Avropada KİV-lərin hüquqlarına dair forum, habelə 2019-cu ildə Minskdə yeniyetmələrin Avropa Olimpiya Festivalının, habelə Belarusun 2015 və 2016-cı illərdə ev sahibliyi edəcək idman tədbirlərinin təqdimatı olacaq.

Avropa İdman Jurnalistləri İttifaqı konqresinə və KİV-lər üçün seminara Belarus MOK ilə bərabər, Avropa Olimpiya Komitələri, Belarus İdman və Turizm Nazirliyi və BİMA da təşkilatçılıq edirlər.

Xəbər 620 dəfə oxundu.