“Milli idman növlərinin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib
Rusiyanın Ulyanovsk şəhərində milli və qeyri-olimpiya idman növləri üzrə II Ümumrusiya festivalı çərçivəsində MDB-nin üzvü olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Milli idman növlərinin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”ya RF Milli və Qeyri-Olimpiya İdman Növləri Komitəsinin həmsədri Gennadi Alyoşin moderatorluq edib. Tədbirdə Azərbaycan, Qırğızıstan, Türkmənistan, habelə Rusiyanın Ulyanovsk vilayətinin idman nazirliklərinin və idarələrinin nümayəndələri iştirak ediblər.

MDB ölkələrində milli idman növlərinin inkişafı haqqında məruzələrlə çıxış edən iştirakçılar milli idman növləri festivallarının keçirilməsi təcrübəsini bölüşüblər. Ulyanovsk vilayətinin bədən tərbiyəsi və idman naziri Sergey Kuzmin “Ulyanovsk vilayəti milli və qeyri-olimpiya idman növlərinin inkişafının dayaq meydanı kimi” mövzusunda məruzə və 2016-cı ildə bu şəhərdə keçiriləcək topla xokkey üzrə dünya çempionatının təqdimatı ilə çıxış edib.

Türkmənistan nümayəndəsi 2017-ci ildə Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarına hazırlıq barədə məlumat verib.

“Dəyirmi masa”nın yekunlarına əsasən qətnamə imzalanıb. Qətnamədə MDB ölkələrinin ilk Milli İdman və Oyun Növləri Festivalının Ulyanovsk şəhərində keçirilməsi təklifi irəli sürülüb.

AZƏRTAC

Xəbər 677 dəfə oxundu.