Adil Əliyev: Yeniyetmə və gənc kikboksçularımızdan Avropa birinciliyində böyük uğurlar gözləyirik
Avqustun 22-dən 30-dək İspaniyanın San-Sebastian şəhərində kikboksinq üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçiriləcək.

Azərbaycan turnirdə 13 kikboksçu ilə təmsil olunacaq. İdmançılarımız birincilikdə baş məşqçi Ehram Məcidov, əməkdar məşqçilər Hakim Hacıyev və Fuad Zeynalovun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev ən təcrübəli məşqçilər tərəfindən gənc idmançılarımızın yarışa hazırlığı yüksək səviyyədə davam etdirdiklərini bildirib. “Güclü idmançılardan ibarət heyətimiz var. Hazırda idmançılarımız arasında böyük ruh yüksəkliyi hökm sürür. Biz bunu məşqlər zamanı müşahidə edirik. Bu gedişlə yarışdan böyük uğurlar gözləyirik. İnanırıq ki, nəticələr istədiyimiz kimi olacaq”, - deyə Adil Əliyev qeyd edib.

Federasiya prezidenti birinci Avropa Oyunlarından sonra Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də böyük marağın yarandığını söyləyərək deyib: “Düzdür, kikboksinq qeyri-Olimpiya idman növlərinə daxildir. Buna baxmayaraq, ölkəmizdə idmanın bu növünə böyük maraq yaranıb. Ümumiyyətlə, birinci Avropa Oyunlarının Azərbaycanda idmanın bütün növlərinin inkişafına böyük təsir göstərdiyi şübhəsizdir. Sıralarımız hər gün genişlənir, bu gün federasiyanın minlərlə üzvü var, klublarımızın fəallığı artmaqdadır”.

Xəbər 1082 dəfə oxundu.