Avroliqadakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” Topaz Premyer Liqasında qələbə qazanıblar
UEFA Avropa Liqası yarışlarında mübarizəni davam etdirən Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ” komandaları Topaz Premyer Liqasında qələbə qazanıblar.

Premyer Liqanın ikinci turunda “Rəvan”ın qonağı olan “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. “Bayıl Arena”da keçirilən qarşılaşmada “Qarabağ”ın heyətində qolları Qara Qarayev, “Rəvan” komandasında isə Tural Qürbətov və Yamin Ağakərimzadə (avtoqol) vurublar.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib: “Futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Rəqib komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, “Rəvan” çətin komandadır. Azarkeşlərə oyuna gəlib bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Premyer Liqanın ikinci turu “Qəbələ” komandası üçün də uğurlu alınıb. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv səfərdə mövsümün ikinci oyununda “AZAL”ı 2:0 hesabı ilə üstələyib. Bakıdakı “Dalğa Arena”da keçirilən görüşdə “Qəbələ”nin heyətində Aleksey Qay və Aleksey Antonov fərqləniblər.

Görüşdən sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib: “Rəqibin zəif olduğunu düşünmürəm. Avropa Liqasında mübarizəni davam etdirdiyimiz üçün orada meydançaya az çıxanlara şans vermişdik. Sevinirəm ki, reqlamentə görə heyətdə etdiyimiz bəzi dəyişikliklərə baxmyaraq matçda üç xal qazandıq”.


Xəbər 805 dəfə oxundu.