“Neftçi” ilə Braziliya klubları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Xəbər verdiyimiz kimi, “Neftçi” Peşəkar Futbol Klubunun icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov Cənubi Amerikada işgüzar səfərdədirlər.

Klub rəsmiləri Braziliya komandalarının iştirakı ilə keçirilmiş iki qarşılaşmanı izləyiblər. Əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununa yollanmış nümayəndələr sonra “A” seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” - “Atletiko Paranaense” matçına stadiondan baxıblar. Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.

Qeyd edək ki, dördqat Braziliya çempionu, ölkə kubokunun qalibi və Libertadores kubokunun finalçısı olmuş “Fluminense” klubunun heyətində dünya şöhrətli futbolçular çıxış ediblər. Onlardan Fred, Deko, Romario, Branko və Rivelino kimi futbolçuların adlarını çəkmək kifayətdir.

Libertadores kubokunun qalibi olmuş “Vasko da Qama” dörd dəfə ölkə çempionu, bir dəfə Braziliya kubokunun qalibi adını qazanıb. Dunqa, Jardel, Tostao, Edmundo, Vava kimi futbolçular məhz bu komandanın formasını geyiniblər.

Libertadores kubokunun finalında oynamış “Atletiko Paranaense” bir dəfə Braziliya çempionu olub. Vaxtilə heyətində Kleberson, Jadson, Mişel Bastos kimi futbolçuları cəmləşdirmiş “qasırğa” ləqəbli komanda hazırda “A” seriyasının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.

Ev oyunlarını məşhur “Marakana” stadionunda keçirən “Flamenqo” isə nəinki Braziliyanın, həm də Latın Amerikasının ən məşhur komandalarından sayılır. Bu klub Libertadores kubokunu qazanmaqla yanaşı, altı dəfə “A” seriyasının qalibi olub. Leonardo, Julio Sezar, Bebeto kimi adlar vaxtilə “Flamenqo”nun şərəfini qoruyublar. Hazırda da güclü heyətə malik olan Rio-de-Janeyro təmsilçisi 18 turdan sonra “A” seriyasında 11-ci yeri tutur.

Qeyd edək ki, əsası yerli futbolçulardan təşkil olunmuş bu klublar güclü futbol akademiyasına malik olmaqla yanaşı, futbolçu yetişdirmək sahəsindəki təcrübələri ilə tanınırlar. Bu baxımdan Braziliya klublarının əsas və aşağı yaş qrupu komandalarının oyunları bu ölkəyə gələn nümayəndə və menecerlər tərəfindən hər zaman maraqla izlənilir.

Xəbər 850 dəfə oxundu.