Avropa Oyunlarında MTB yarışları başa çatdı | |
Bakı-2015 ilk Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib. Yarışı izləyənlər arasında Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, həmçinin bir çox ölkələrin federasiya rəhbərləri də olub. Bir gün davam edən yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar. Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat, 31 dəqiqə, 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub. Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 saat nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib – 1:33.13. Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib. Qadın velosipedçilərin ardından kişi idmançılar da ən güclüləri müəyyənləşdiriblər. Yarışda 45 idmançı qüvvəsini sınayıb. Qadınların yarışında olduğu kimi, kişilərin də mübarizəsi İsveçrə təmsilçilərinin zəfəri ilə başa çatıb. Lakin bu dəfə bütün mükafatları eyni ölkənin idmançıları qazanıblar. Məsafəni 1 saat, 41 dəqiqə, 5 saniyəyə qət edən Nino Şurter qızıl medala yiyələnib. O, həmyerliləri Lukas Flukkiqeri 13, Fabian Qiqeri 33 saniyə qabaqlayıb. Mükafatlar uğrunda iki Azərbaycan idmançısı da mübarizə aparıb. Ölkəmizi Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edib. İsmayılov mübarizəni 38-ci yerdə başa vurub. Məmmədov isə finişə çatmayan 7 idmançı arasında yer alıb. |
|
Xəbər 1025 dəfə oxundu. |
|
|