Azərbaycan idmançıları medalların sayını 8-ə çatdırıblar | |
İyunun 14-da – birinci Avropa Oyunlarının üçüncü günündə Azərbaycan idmançıları medalların sayını 8-ə çatdırıblar. Komandamıza səkkizinci medalı kişilər arasında triatlon yarışında mübarizə aparan Rostislav Pevtsov qazandırıb. O, yarışın sonunda 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə göstərib. Rostislav Pevtsov 2002-ci ildən yarışlara başlayıb. Ötən ildən Azərbaycan milli komandasında çıxış etməyə başlayan triatlonçu 2014-cü ildə Macarıstanda keçirilən dünya kuboku yarışında ikinci yeri tutub. Hollandiyada təşkil edilən Avropa çempionatının estafet yarışında birinci olan R.Pevtsov Asiya kubokunda ikinci, 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında isə üçüncü yeri tutub. Böyük Britaniyadan olan idmançı Benson Qordon birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub. Qaliblərə medalları Monako Olimpiya Komitəsinin prezidenti, Monako Knyazlığının Şahzadəsi II Albert təqdim edib. AZƏRTAC |
|
Xəbər 868 dəfə oxundu. |
|
|