Misir mətbuatı “Bakı-2015” birinci Avropa Oyunlarına geniş diqqət ayırıb
Misirin “Əl-Əhram ər-Riyadi” və “Əl-Əhram” qəzetlərində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Oyunlarla bağlı fikirlərinə geniş yer verilib. Nazir qeyd edib ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan dünyanın diqqət mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarının ölkəmizdə təşkili barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artmasının parlaq göstəricisidir.

Məqalələrdə nazir Azad Rəhimovun bu mühüm idman tədbirinə hazırlıq prosesi barədə fikirlərindən də bəhs olunub, tikilən və təmir edilən müasir idman qurğuları barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, yarışların keçirilməsi üçün Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və s. yeni idman qurğuları inşa olunub.

Bildirilib ki, altı mindən artıq atletin 253 dəst medal uğrunda yarışacağı birinci Avropa Oyunları yaddaşlarda unudulmaz iz buraxacaq. Yarışlara idmanın 20 növü daxil edilib. Onlardan dördü – 3x3 basketbol, çimərlik futbolu, karate və sambo qeyri-Olimpiya idman növləridir. Oyunlar dünyanın 50-dən çox ölkəsində, o cümlədən Yaponiyada yayımlanacaq.

Məqalələrdə nazirin Azərbaycanın dünyada idman dövləti kimi tanınması, ölkəmizin 2016-cı ildə “Formula-1” Avropa Qran-pri yarışına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcəyi barədə fikirlərinə də xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Misirin “Əl-Yaum əs-Sabi” və “əl-İqtisad əl-arabi” qəzetlərində də birinci Avropa Oyunları haqqında yazılar dərc olunub.

Xəbər 954 dəfə oxundu.