Olimpiya Oyunlarının stolüstü tennis yarışlarına daha bir medal dəstinin daxil edilməsi müzakirə olunur
Beynəlxalq Stolüstü Tennis Federasiyasının rəhbəri Tomas Vaykert və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax İsveçrənin Lozanna şəhərində görüşərək, Olimpiya Oyunlarında daha bir medal dəstinin oynanılması imkanını müzakirə ediblər.
Stolüstü tennis hər Olimpiadadan sonra ictimaiyyət tərəfindən daha çox tanınır və bütövlükdə bir idman növü kimi getdikcə populyarlaşır. Bununla yanaşı, bu idmanda şəxsi kişi və şəxsi qadın, qoşa kişi və qoşa qadın dərəcələrində cəmi 4 medal dəsti oynanılır.

Yay Olimpiya Oyunlarının proqramına daxil edilmiş digər idman növləri ilə müqayisədə medalların sayı o qədər də çox deyil. Bu status-kvonu dəyişmək üçün əvvəllər bir sıra addımlar atılıb. Belə ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti Tomas Vaykert BOK-un Lozannada yerləşən mənzil–qərargahında Olimpiya Oyunlarına rəhbərlik edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb və bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. Liderlər Çin Dünya çempionatından bir qədər əvvəl görüşsələr də, bu barədə informasiya ictimaiyyətə bu günlərdə çatdırılıb. Prezidentlər dünyada idmanın və Olimpiya hərəkatının inkişafı ilə bağlı danışıqlar aparsalar da, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları əsas müzakirə obyekti olub. Danışıqlarda toxunulmuş məsələlərdən biri də qarışıq qoşa və ya qarışıq komanda dərəcələrində daha bir medal dəstinin daxil edilməsi idi. T.Vaykert qeyd edib ki, belə bir yarış ideyası yeni deyil və o, bu dəfə razılığa nail olmaq niyyətindədir: “Beynəlxalq Stolüstü Tennis Federasiyası Olimpiya Oyunlarının proqramına qarışıq qoşa və ya qarışıq komanda dərəcələrinin daxil edilməsi ideyasını həyata keçirməyi bir neçə dəfə cəhd etmişdir. Bu dəfə mənim Tomas Bax ilə söhbətim çox pozitiv formada keçdi və mən öz tərəfimdən daha bir medal dəstinin Olimpiya Oyunlarının proqramına daxil edilməsi şansını yüksək qiymətləndirirəm”.

Şübhəsiz ki, əlavə medalların daxil edilməsi ümumilikdə stolüstü tennisə və bütövlükdə Olimpiya Oyunlarına olan marağı artıracaq. Çox güman ki, bu məsələnin həlli “Tokio–2020” Olimpiadasından sonra öz həllini tapacaq.

AZƏRTAC

Xəbər 841 dəfə oxundu.