Aleksandr Qusyatnikov: Bakı hətta günü sabah ilk Avropa Oyunlarını keçirməyə tam hazırdır
“Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşü yüksək səviyyədə təşkil olunub. Yarışın sonuncu mərhələsinin marşrutunun birinci Avropa Oyunlarına hazırlıq xarakteri daşıması çox mühüm qərar idi. Buna görə təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, Bakı hətta günü sabah ilk Avropa Oyunlarını keçirməyə tam hazırdır.

Bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov müsahibəsində bildirib.

Rusiyalı mütəxəssis ardıcıl dördüncü dəfə keçirilən “Tour d’Azerbaidjan” yarışında velosipedçilərimizin çıxışlarını yüksək qiymətləndirərək deyib: “Synergy Baku” komandası yarışda uğurla çıxış etdi və çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı”.

Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də Təşkilat Komitəsinə təşəkkür edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb: “Hər şey çox yüksək səviyyədədir. Bu yarış artıq dördüncü ildir keçirilir. Turnirin səviyyəsi ildən-ilə yüksəlir. Yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hər cür şərait var. Yollar yaxşıdır, otellər ən müasir standartlara cavab verir. Velosipedçilər heç “Tour de France” yarışında belə yüksək səviyyəli otellərdə qalmırlar. Eyni zamanda, iştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. Beşinci mərhələ barədə deyə bilərəm ki, ilk Avropa Oyunları üçün ideal marşrutdur. Bu yarışda da bizi çox gərgin mübarizə gözləyir. Çünki birinci Avropa Oyunlarda qitənin ən güclüləri yarışacaq”.

AZƏRTAC

Xəbər 807 dəfə oxundu.