Bakı-2015: Avropa oyunlarının məşəli Bərdədə
Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Nüşabə yurduna - Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib. Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub.

Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edilib.
Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırıb. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaradıb.

Alov festivalı atəşfəşanlıqla başa çatıb.

Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.

Xəbər 790 dəfə oxundu.