“Qarabağ” Vaqif Cavadovla gücləndi
“Vaqifin transferi baş tutub. O, 2 klubun Antalyadakı hazırlığına qatılacaq”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-na “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib. Qış fasiləsində heyətini gücləndirməyə çalışan “Qarabağ” yığmamızın sabiq hücumçusu Vaqif Cavadovla anlaşıb. Son bir ili Rusiya “Volqa”sında keçirən, yaxınlarda isə klubu tərəfindən heyətdən kənarlaşdırılan Cavadov karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

O, Rusiya təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə pozub və Ağdam təmsilçisinə azad agent kimi qoşulub: “Vaqifə görə qarşı tərəfə heç bir təzminat ödəməyəcəyik. O, “Volqa” ilə müqaviləsini qarşılıqlı şəkildə pozub və komandamıza azad agent kimi qoşulub”.
Maraqlıdır ki, son günlərdə “Qarabağ”ın və millimizin hücumçusu Rauf Əliyevin bir neçə xarici klubdan transfer təklifi aldığı və karyerasını başqa komandada davam etdirmə ehtimalının olduğu bildirilirdi. Belədə Cavadovun transferinin buna hesablanmış olduğunu düşünmək olar. Lakin klub rəsmisi bunu təkzib etdi: “Biz Vaqifi Rauf gedəcək deyə transfer etməmişik. Rauf Əliyev heç bir kluba getmir. Sadəcə, baş məşqçi futbolçunun xidmətinə ehtiyac olduğunu dedi, biz də bu transferi reallaşdırdıq”.

Futbolçunun son günlərdə formada olmadığı, elə “Volqa”dan da buna görə ayrılmalı olduğu aydındır. Amma bu məqam Ağdam klubunu narahat etmir: “İnşallah formaya düşəcək. Qarşıda hələ vaxtımız var”.
Çəlikəl yeni transferlərin olacağını da istisna etmədi. Artıq bu məsələdə baş məşqçinin söz sahibi olduğunu vurğuladı: “Baş məşqçi ehtiyac duysa, yeni transferlərimiz olacaq. Bunun əcnəbi olacağını istisna deyil”.

Xəbər 968 dəfə oxundu.