Bakida boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub | |
Şağan Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Komandamız yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan Elton Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayı məğlub edərək, 1-ci yerə layiq görülüb. Bəxtiyar Qazıbəyov da (60 kq) turniri 1-ci yerdə başa vurub. Həmyerlimiz həlledici görüşdə Türkiyə idmançısı Tuğrulxan Erdemir üzərində qələbə qazanıb – 3:0. +80 çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də fəxri kürsünün ən yüksək pilləxinə qalxıb. Milli komandamızın üzvü qazaxıstanlı Ardak Alimxanı məğlub edib – 3:0. 52 kq çəki dərəcəsindəki təmsilçimiz Niyaməddin Allahverdiyev yalnız finalda özbəkistanlı Murodjon Əliyevə uduzaraq (0:3) 2-ci olub. Şaiq Məlikov da (70 kq) final görüşündən məğlub ayrılıb. Boksçumuz Daulet Zauşevə (Qazaxıstan) yenilib – 0:3. Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər. Komanda hesabında Qazaxıstan 1-ci, Özbəkistan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub. Qeyd edək ki, Bu yarış mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb. |
|
Xəbər 1033 dəfə oxundu. |
|
|