Sahib Ələkbərov: “Tour d’Azerbaidjan” veloyürüşü ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm tədbirdir
Xəbər verdiyimiz kimi, mayın 6-dan 10-dək ölkəmiz daha bir nüfuzlu beynəlxalq idman yarışına - “Tour d’Azerbaidjan” veloyürüşünə ev sahibliyi edəcək. Bununla əlaqədar aprelin 21-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan” beynəlxalq veloturunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.

İclasdan sonra Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloturla bağlı görülən işlər, eləcə də Azərbaycan velosipedçilərinin ilk Avropa Oyunlarına hazırlığı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Tour d’Azerbaidjan” veloyürüşü artıq ölkəmizin idman həyatında özünəməxsus yerə malikdir. Yarışın başlanmasına çox az vaxt qalır. Hazırlıq işləri necə gedir?

- Həqiqətən də Azərbaycanda belə bir veloyürüşün keçirilməsi artıq ənənə halı alıb. Üç il əvvəl biz 23 yaşadək gənclər arasında ilk veloyürüşü, sonrakı iki ildə isə beynəlxalq “Tour d’Azerbaidjan” yarışını təşkil etdik. 2013-cü ildəki yarışın təşkili Beynəlxalq Velosipedçilər İttifaqını qane etdiyindən, qurum bizim təklifimizi qəbul edərək 2014-cü il “Tour d’Azerbaidjan” veloyürüşünün səviyyəsini artırdı və ona 2.1 kateqoriyası verdi. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək bu turda kontinental və milli komandalarla yanaşı, peşəkar kontinental komandalar da iştirak edə bilər.

Bu il Azərbaycana gələcəyi təsdiqlənmiş 24 ölkəni təmsil edən 25 komandadan 4-ü - "Rusvelo" (Rusiya), “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya) və “Team Novo Nordisk” (ABŞ) məhz pro-kontinental lisenziyalıdır. Dünyada mövcud olan 19 pro-kontinental komandadan 4-nün bizim turda iştirakı özlüyündə müsbət göstəricidir.

Hazırda turun Təşkilat Komitəsi tərəfindən marşrutlar boyunca yolların və onların ətrafının yürüş üçün hazırlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, komandaların və çoxsaylı texniki heyətin hazırlığı və fəaliyyəti üçün şəraitin yaradılması, turun işıqlandırılması məqsədilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmaq üzrədir.

- “Tour d’Azerbaidjan” veloyürüşünün marşrutları ötənilkindən fərqlənirmi?

- Beş marşrutdan dördü demək olar ki, keçənilki kimidir. Dəyişiklik yalnız 4-cü mərhələ ilə bağlıdır. Bildiyiniz kimi, bu il iyunun 12-28-də ölkəmiz tarixdə ilk dəfə keçiriləcək “Bakı-2015” Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunların proqramına daxil olan 20 idman növündən 19-u paytaxt Bakıda, yalnız biri - avarçəkmə üzrə yarışlar Mingəçevirdə təşkil ediləcək. Elə bu səbəbdən də biz Oyunlara bir ay qalmış dünya ictimaiyyətinin diqqətini bu bölgəyə cəlb etmək məqsədilə “Tour d’Azerbaidjan“ veloyürüşünün 4-cü mərhələsinin finişinin Mingəçevirdə olmasına qərar verdik. Bundan başqa, mayın 10-da paytaxtda keçiriləcək sonuncu - beşinci mərhələ “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped idmanının şosse növü üzrə yarışları ilə eyni marşrut üzrə baş tutacaq və Oyunlar üçün son sınaq xarakteri daşıyacaq. Turun 1-ci, 2-ci və 3-cü mərhələlərinin marşrutları isə əvvəlki kimi qalıb.

Beləliklə, yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin vəhdəti ilə göz oxşayan Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, qədim İçərişəhər, eləcə də Böyük Qafqaz dağları, gözəlliyi ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Ağdaş və Yevlax rayonları ilə tanış olacaqlar.

Diqqəti yönəltmək istədiyim daha bir məqam ondan ibarətdir ki, həm “Tour d’Azerbaidjan” veloyürüşü, həm də “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışları idmançılara gələn il təşkil olunacaq “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Bu səbəbdən də mübarizənin kifayət qədər gərgin keçəcəyini artıq indidən söyləmək olar.

Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirilir. Bu yarışlar isə yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Bu baxımdan yarışın çox zəngin mədəni və tarixi irsə, gözəl təbiətə malik bölgələrimizdən keçməsi həm velosipedçilərin öz güclərini sınaması, həm də bu yarışın izləyiciləri olacaq çoxsaylı xarici ölkə vətəndaşı üçün ölkəmizin tanıdılmasına xidmət edir.

- Azərbaycanı bu yarışda “Synergy Baku” komandası təmsil edəcək. Komandamız haqqında fikirlərinizi bilmək maraqlı olardı. Velosipedçilərin nəticələrindən razısınızmı?

- Əminliklə söyləmək olar ki, “Synergy Baku”nu artıq dünyanın hər yerində tanıyırlar. Bu isə komandamızın iştirak etdiyi yarışlarda uğurlu çıxışları ilə əlaqədardır. 2015-ci və 2016-cı illər komandamız üçün olduqca vacib bir dövrü əhatə edəcək. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki ilin başlanğıcından etibarən velosipedçilər təmsil etdikləri qitələrdəki yarışlarda mübarizə aparmaqla dördilliyin zirvə yarışına lisenziya xalları toplayırlar. Olimpiya Oyunlarının istənilən idmançının xəyal etdiyi bir yarış olduğunu nəzərə alsaq, sözsüz ki, lisenziya xalları uğrunda ciddi mübarizə gedəcək. “Synergy Baku” builki qış hazırlığını dünya turu komandalarının da üz tutduğu İspaniyanın Kalpe şəhərində keçdi. Fevraldan etibarən isə velosipedçilərimiz Sloveniyada oldular. Paytaxt Lyublyanada “Synergy Baku”nun təqdimat mərasimi də keçirildi. Niyə məhz Sloveniya? Çünki “Synergy Baku”nu cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir. Bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin coğrafi nöqteyi-nəzərdən Sloveniyanı seçib.

Onu da qeyd etmək istərdim ki, komandamızın Sloveniyadakı təqdimat mərasimi bu ölkədə kifayət qədər maraqla qarşılandı. Tədbirdə Sloveniya parlamentinin sədri Mitya Bervar, həmçinin Sloveniya Milli Olimpiya Komitəsinin və İdman Nazirliyinin rəhbər vəzifəli şəxsləri də iştirak edirdilər.

Velosipedçilərimiz 2015-ci ilə inamla başlayıblar və bunu yarışlarda qazanılan nəticələr də sübut edir. Məsələn, Azərbaycanın elit yığma komandasının da şərəfini qoruyan Maksim Averin fevral-mart aylarında Xorvatiyada keçirilən üç yarışın ikisində fəxri kürsüyə qalxıb və bununla da Rio Olimpiadasına lisenziya xalları qazanıb. “Synergy Baku”nun digər üzvü Markus Eybeger Xorvatiyada təşkil olunmuş dördgünlük nüfuzlu yarışda ümumi təsnifatda birinci yeri tutub. Çoxgünlük Tayvan turunda isə Yannis Tamuridis iki dəfə fəxri kürsüdə yer alıb. Bütün bunlar onu deməyə əsas verir ki, “Synergy Baku” düzgün yoldadır.

İnanıram ki, hər ay bir neçə beynəlxalq yarışda iştirak edən “Synergy Baku” “Tour d’Azerbaidjan-2015“ veloyürüşündə ölkəmizi layiqincə təmsil edəcək. Biz komandamızın üzvlərindən Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov və Elgün Əlizadə kimi perspektivli velosipedçilərə böyük ümidlər bəsləyirik.

- “Tour d’Azerbaidjan” dünyanın bütün qitələrindən olan komandaların qatıldığı bir yarışdır. Belə səviyyəli yarışların mühüm bir xüsusiyyəti də onları geniş işıqlandırmaq və dünya televiziya kanallarının diqqətini tura cəlb etməkdir. Bu istiqamətdə hansı işlər görülür?

- Siz çox mühüm məsələyə toxundunuz. Əvvəl də qeyd etdiyim kimi, belə səviyyəli velosiped yarışları yüz minlərlə tamaşaçı toplayan, milyonlarla idman həvəskarlarının televiziya vasitəsilə izlədiyi möhtəşəm idman hadisəsi olmaqla bərabər, həm də onun keçirildiyi ölkənin bütün dünyaya tanıdılması və təbliği üçün gözəl imkandır. Biz də bu imkandan yetərincə yararlanmaq üçün yarışın həm yerli, həm də beynəlxalq televiziya kanallarında və sosial şəbəkələrdə geniş yayılmasına çalışırıq.

Martın 21-dən etibarən “Tour d’Azerbaidjan”ın iki reklam videoçarxı hər gün bir neçə dəfə “Eurosport İnternational” və “Eurosport-2” kanallarında bütün dünyaya yayımlanır. Bu, yarışın sonunadək davam edəcək. “Eurosport” televiziya kanalı ilə əldə olunmuş razılığa əsasən, bu il “Tour d’Azerbaidjan“ veloyürüşünün son üç mərhələsi bu kanal vasitəsilə canlı yayımlanacaq. Məlum olduğu kimi, keçən il yalnız sonuncu - Bakı mərhələsi tamaşaçılara canlı yayımda təqdim olunmuşdu. İlk iki gündə, həmçinin mayın 11-də isə kanal gərgin mübarizənin 26 dəqiqəlik geniş icmalını tamaşaçılara təqdim edəcək. Bundan başqa, “İdman Azərbaycan” televiziya kanalı turun bütün mərhələlərini canlı yayımlayacaq. Xarici ölkələrdən gəlmiş çoxsaylı idman jurnalistləri də turu geniş işıqlandıracaq. Veloyürüşün rəsmi www.tourdeazerbaidjan.com saytı yarışa informasiya dəstəyi verəcək.

Onu da diqqətinizə çatdırım ki, ötən il “Eurosport” kanalının rəsmi hesabatına əsasən, bir mərhələsi canlı yayımlanan, qalan günlər isə icmal şəklində tamaşaçılara təqdim olunan “Tour d’Azerbaidjan“ veoyürüşünü təkcə bu kanal vasitəsilə dünyanın bütün qitələrində 28,6 milyondan çox tamaşaçı seyr edib. Həmçinin planetin 50-dən artıq ölkəsində 72 telekanalın efirində turla bağlı məlumatlar və süjetlər verilib. Bundan əlavə, “Eurosport” telekanalının rəsmi saytında “Tour d’Azerbaidjan“la bağlı 15 milyondan çox daxilolma qeydə alınıb. Bu il yarışımızın tamaşaçılarının sayının daha da artacağına ümid edirik. Bu isə Azərbaycanın dünyaya daha yaxından tanıdılmasına xidmət edir.

- Velosiped yarışı ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti yenə məhdudlaşdırılacaqmı?

- Yarışın beşinci, qismən də birinci və ikinci mərhələlərində Bakıda, eləcə də veloturun marşrutunun keçdiyi istiqamətlərdəki yollarda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq və ya dayandırılacaq. Bu, dünyanın hər yerində belədir. Məsələn, Fransada 100 ildən artıq keçirilən “Tour de France” yarışları zamanı Parisin mərkəzi və onun əsas yollarından biri olan “Yelisey çölləri”, 50 ildən artıqdır ki, keçirilən “Tour of Turkey” zamanı İstanbulda şəhərin mərkəzi, Topqapı Sarayının ətrafı, İstanbulun Asiya ilə Avropa hissələrini birləşdirən və əsas hərəkət qovşağı olan körpü belə bağlanır.

Yarışın sonuncu – Bakı mərhələsi paytaxt sakinlərinin rahatlığına ciddi xələl gətirməmək məqsədilə həftənin bazar günləri keçirilir. Saat 14.00-dək yarış başa çatır və bütün yollar açılır. Əhalidən xahiş olunur ki, mayın 10-da həmin vaxtadək alternativ yollardan istifadə etsinlər. Əhalinin əvvəlcədən məlumatlandırılması məqsədilə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilərdəki binaların girişlərində yerləşdirilməsi üçün xüsusi plakatlar çap edilərək müvafiq icra hakimiyyətlərinə paylanacaq. Bu barədə yarış ərəfəsində polis orqanları da KİV vasitəsilə sürücülərə lazımi xəbərdarlıq edirlər.

“Tour d`Azerbaidjan” velosiped yürüşünün keçirilməsi, eləcə də son illər həvəskar velosipedçilər üçün yaradılan şərait idmanın bu növünə ictimai marağı artırıb. Azərbaycanda velosiped idmanının inkişafı üçün hazırda daha hansı işlər görülür?

- Əgər 2-3 il əvvəl küçələrimizdə və yollarda çox nadir hallarda velosipedçi görmək olardısa, artıq Azərbaycanda velosiped sürənlərin sayının artdığını hər birimiz müşahidə edirik. Onu da nəzərə almaq lazımdır ki, velosiped təkcə idman aləti deyil, həm də insanların sağlamlığına xidmət edən, hamının böyük maraq göstərdiyi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir.

Azərbaycanda heç vaxt velosiped idmanına bugünkü kimi diqqət göstərilməyib. Dövlətimizin başçısı İlham Əliyevin velosiped hərəkatının inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq, ölkəmizdə geniş və kompleks tədbirlər proqramı reallaşdırılır. Bildiyiniz kimi, “Bakı-2015” ilk Avropa Oyunlarında velosiped idmanının üç növü - şosse (qrup halında və fərdi ötüşmə), dağ velosipedi (MTB) və BMX üzrə yarışlar keçiriləcək. Adından da göründüyü kimi, şosse yarışları küçələrdə keçirilir və paytaxtımızın küçələri belə yarışların keçirilməsi üçün bütün standartlara cavab verir. Artıq MTB və BMX yarışlarının keçirilməsi üçün də ölkəmizdə hər cür şərait yaradılıb. Xocahəsən gölünün və avtovağzalın yaxınlığında inşa olunmuş dağ velosipedi parkında ötən il oktyabrın 18-də beynəlxalq sınaq yarışı da keçirildi. Həm idmançılar, həm də beynəlxalq federasiyanın nümayəndələri 4,5 kilometrlik marşrutdan çox razı qaldılar. Bakının Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz ərazidə yaradılmış “Velopark”da isə Avropa Oyunları üçün yeni BMX stadionunun tikintisi başa çatmaq üzrədir. Bu arena Olimpiya standartlarına tam cavab verir və Avropada belə idman qurğuları barmaqla sayılacaq qədərdir. Marşrutu sınaqdan keçirmək üçün ABŞ-dan məşhur BMX idmançısı Barri Nobles Azərbaycana dəvət edilib. O, bu idman qurğusunu kifayət qədər yüksək qiymətləndirib. Adını çəkdiyim idman qurğuları Avropa Oyunlarından sonra velosiped həvəskarlarının xidmətində olacaq və təbii ki, bu amil Azərbaycanda velosiped idmanının bu növlərinin də inkişafına təkan verəcək.

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı Velotrekin yenidən qurulması işləri də demək olar ki, başa çatıb. Burada həm idmançılar, həm də məşqçilər üçün lazımi şərait yaradılıb. Bu yaxınlarda burada “Skate Park” və müasir mini futbol meydançası da istifadəyə veriləcək. Federasiyanın yeni inşa olunmuş inzibati binası da Velotrek ərazisində yerləşir.

Dənizkənarı Milli Parkda yaradılmış velosiped yolları artıq böyük populyarlıq qazanıb. Burada hər gün müxtəlif yaşlı insanlar səhərdən axşamadək velosiped sürürlər. Ötən il Gəncədə müasir velosiped kirayə məntəqələri, habelə uzunluğu 20 kilometrə çatan velosiped yolları istifadəyə verilib. Belə yollar Şəmkir, Bərdə və digər rayonlarda da salınıb və bu proses davam edir. “Ağ Şəhər” layihəsində də velosipedçilər üçün xüsusi yollar nəzərdə tutulub.

Azərbaycanda velosiped idmanının inkişafı üçün görülən işlər Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyi tərəfindən də rəğbətlə qarşılanır. Avropa Velosipedçilər Birliyinin martda Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş illik konqresində bunun bir daha şahidi olduq. Belə ki, qurumun prezidenti David Lappartien çıxışında ilk Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırdı. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson isə rəhbərlik etdiyi qurumun Avropa Oyunlarında iştirakına xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycanın “Bakı-2015”ə hazırlıq işlərini yüksək qiymətləndirdi.

Azərbaycanın Oyunlara hazırlığından bəhs edən videoçarxın nümayişindən sonra mən və “Bakı-2015” Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petstas konqresdə geniş təqdimatla çıxış etdik. Biz qitənin bütün ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin iştirak etdikləri tədbirdə Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verdik. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015”in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssisin fasiləsiz çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırdıq.

Velosiped idmanının populyarlaşdırılması üçün hər il bölgələrdə müxtəlif yarışlar təşkil olunur. Yeni klublar və məktəblər yaradılır, istedadlı gənc velosipedçilərə təqaüdlər ayrılır, maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımlar atılır. Məsələn, bu yaxınlarda Sumqayıtda ikinci velosiped məktəbi açılıb. Bu şəhərdə velosipedlə məşğul olan gənclərin sayı artıq xeyli artıb. Bu proses regionlarda da davam etdirilir. Oğuz rayonunda da velosiped məktəbi fəaliyyət göstərir. Həmin məktəbin yetirmələri respublika səviyyəli yarışlarda inamlı çıxışları ilə yadda qalıblar. Yaxın gələcəkdə ölkəmizin digər bölgələrində də velosiped klublarının yaradılması nəzərdə tutulur.

Ümidvarıq ki, görülən işlər velosiped idmanının daha da inkişaf etdirilməsinə və kütləviləşdirilməsinə, əhali, xüsusilə də gənclərimiz arasında idmanın bu növünə marağın artmasına təkan verəcək. Velosiped idmanının inkişafı isə öz növbəsində dövrümüzün ciddi bir bəlasına çevrilməkdə olan ürək-damar xəstəliklərinin azalmasına, habelə vaxtının çoxunu kompyuterlərin və ya televiziya ekranlarının qarşısında keçirən gənclərimizin müəyyən bir müddətə bu məşğuliyyətdən ayrılaraq təmiz havada, təbiət qoynunda fəal istirahətlə məşğul olmalarına və sağlam həyat tərzinə üstünlük vermələrinə də müsbət təsir göstərə bilər.

Fürsətdən istifadə edərək, hamını həm “Tour d’Azerbaidjan” veloyürüşünə, həm də Avropa Oyunlarına tamaşa etməyə və idmançılarımızı dəstəkləməyə dəvət edirəm.

Xəbər 815 dəfə oxundu.