“Tour d`Azerbaidjan-2015”in Təşkilat Komitəsinin iclası keçirilib | |
Bu gün “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib. İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92-ci il dönümünə həsr olunan 5 mərhələdən ibarət "Tour d`Azerbaidjan-2015" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 6-da start götürəcək "Tour d`Azerbaidjan-2015" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək. Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib. Sahib Ələkbərovun sözlərinə görə, “Tour d`Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təqdiqlənib ki, onlardan da 4-ü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb. İclasda “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. İclasda Prezident Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov da iştirak edib. Onu da qeyd edək ki, “Tour d`Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər. |
|
Xəbər 913 dəfə oxundu. |
|
|