Taekvondo üzrə Olimpiya çempionu “Bakı-2015”də iştirak edəcək
Serbiyalı idmançı, Olimpiya çempionu Milika Mandik bu ölkədən ilk Avropa Oyunlarında iştirak edəcək 79 idmançıdan ibarət komandaya daxil edilib.

Medal qazanacağı ümid edilən idmançılardan biri də 67 kq çəki dərəcəsində 2012-ci il London Olimpiya Oyunlarının qalibi Milika Mandikdir.

Dağ velosiped idmanı üzrə 23 yaşlı Jovana Krnoqorak, cüdo üzrə 2013-cü il Avropa çempionatında 90 kq çəki dərəcəsində beşinci yeri tutmuş 23 yaşlı Aleksandr Kukolj də komandaya daxil edilib.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra idman növləri üzrə Avropa Oyunlarına qatılacaq bəzi serb idmançıların adları açıqlanmışdı. Boks üzrə bu ölkəni üç idmançı - Jelena Jelic (60kq), Lidija Marjanovic (64kq) və Aleksandar Drenovak (75kq), qılıncoynatma idman növündə Romana Karan, samboda Ivana Jandric (68 kq), suyatullanma üzrə yarışlarda isə Mihailo Curic təmsil edəcək.

AZƏRTAC

Xəbər 1028 dəfə oxundu.