"Synergy Baku"nun təqdimat mərasimi keçirilib
Bu gün Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev, Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Sloveniya Milli Şurasının sədri Mitya Bervar, “Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov, həmçinin Sloveniya Milli Olimpiya Komitəsi və idman nazirliyinin rəsmiləri iştirak ediblər.

Təqdimat mərasimi Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunmuş videorolikin nümayişi ilə başlayıb. Ardınca söz AVİF-in vitse-prezidenti Sahib Ələkbərova verilib. Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyən federasiya rəsmisi, ölkəmizin Bakı-2015 ilk Avropa Oyunlarına səylə hazırlaşdığını deyib və Sloveniya idman ictimaiyyətini bu yarışları maraqla seyr etməyə çağırıb. Vitse-prezident təqdimat mərasimi üçün Sloveniyanın seçilməsinin səbəbsiz olmadığını deyib. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. "Synergy Baku"nu isə cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir və bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin coğrafi nöqteyi-nəzərdən seçimini Sloveniyanın üzərində saxlayıb.

Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib. O, Azərbaycan xalqının qəhrəman oğlu, Sloveniyanın faşizm zülmündən azad olunmasında həyatını qurban verən Mehdi Hüseynzadənin xatirəsinin ölkəsində hər zaman əziz tutulduğunu xüsusi vurğulayıb.

“Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov təmsil etdiyi qurumun Azərbaycan idmanına verdiyi töhfədən danışaraq komandamızın uğurlu çıxışı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini deyib.

Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində Bakı-2015 ilk Avropa Oyunlarının logosu olan velosipedçilər “Synergy Baku”nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək ilk Avropa Oyunlarında uğurlu çıxışı və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.

Xəbər 878 dəfə oxundu.