Velosipedçimiz Dünya Kubokunda 5-ci oldu
Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi davam edir. Planetin 46 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.

İlk yarış günü idmançılarımız 2 növdə çıxış ediblər. Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda qalıb. 32 nəfər arasında yarışan velosipedçimiz təsnifat mərhələsində 5-ci olub və 1/16 finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Hollandiya, 1/8 finalda isə Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran Olqa İsmayılova 1/4 finalda Honqkonq təmsilçisinə uduzub. Belədə 5-ci yer uğrunda yarışmalı olan idmançımız Böyük Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci pillədə bitirib.

Beləliklə, Dünya Kubokunun 3 mərhələsinin yekununa əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233 xalla 6-cı nəticə göstərib. Velosipedçimizin geridə qoyduğu idmançılar arasında almaniyalı Olimpiya çempionu Kristina Foqel də var. Bu isə Dünya Kuboku kimi məsul yarışda ilk dəfə çıxış edən idmançımız üçün kifayət qədər yüksək nəticədir. Sergey Omelçenkoya gəlincə, o keyrin növündə 3 mərhələnin yekununda 50 nəfər arasında 124 xalla 16-cı olub.

Xəbər 898 dəfə oxundu.