Çində uğurlu gün | |
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir. Bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət ediblər. Velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb - o finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub - 2 saat, 41 dəqiqə, 50 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar. 4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 14-cü, Maksim Averin isə 17-cidir. Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır - o, liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur. |
|
Xəbər 853 dəfə oxundu. |
|
|