Mövsümün 100-cü qolunu Emeqara vurdu
Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, IX turun startına qədər 89 qolun vurulduğu çempionatın yubiley topu I dövrənin son matçına təsadüf edib.

Turun 11-ci qolu, mövsümdə 100-cü olub. Bu isə “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki 2-ci top yubiley xarakteri daşıyıb. Matçın 29-cu dəqiqəsində dublunu rəsmiləşdirən İnnosent Emeqara həm “Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün 100-cü qolunun müəllifi kimi tarixə düşüb.

Ümumilikdə isə IX turda 14 qol qeydə alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq 2,45-ə bərabər olub.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.

Xəbər 910 dəfə oxundu.