2011-ci ildə Azərbaycan gimnastları 172 medal qazanıblar


Başa çatmaqda olan Olimpiyaqabağı ildə Azərbaycan gimnastları 172 medal qazanıblar. Onlardan 51-i qızıl, 53-ü gümüş, 68-i bürünc mükafatdır.
Qazanılmış ən başlıca titul Monpelyedə keçirilmiş dünya çempionatında çoxnövçülük üzrə finalda Aliyə Qarayevanın qazandığı bürünc medaldır. Minskdə keçirilmiş Avropa çempionatında iplə hərəkətlərdə yarışların finalında ölkənin yeniyetmələrdən – Lalə Yusifova, Ayişə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Bağıyeva, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət qrup komandasının 3-cü yerə çıxması da əhəmiyyətli hadisə hesab olunur.
Müxtəlif mükafatların “ən ağır yükünü” gənc gimnast Ləman Hacızadə daşıyır: 26! O, milli komandanın lideri Qarayevadan (5 qızıl, 3 gümüş və 17 bürünc) və digər perspektivli gənc gimnast Gülsüm Şəfizadədən (9 – 6 -10) bir medal çox qazanıb. 12 yaşlı Ləman qızıl və gümüş mükafatların sayına görə də irəlidə gedir: müvafiq olaraq 15 və 8.
Ümumiyyətlə, medallar 28 gimnast və dörd qrup komandası tərəfindən qazanılıb.
Azərbaycan Gənclər və İdman Nazirliyi də ilə yekun vurub. Bir il bundan əvvəl olduğu kimi, yenə də gimnast Aliyə Qarayeva digərləri ilə yanaşı ölkənin on ən yaxşı idmançısı sırasına daxil olub. O, mundialın bürünc medalına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarına lisenziyanı əlavə edib.

AzərTAc

Xəbər 1321 dəfə oxundu.