“İrbis” klubu Gürcüstandan qayıdıb
Azərbaycan Alpinizm Federasiyasının üzvü olan “İrbis” klubu Gürcüstandakı Çauxi dağ massivi və Kazbek dağına səfərdən qayıdıb. İl boyu dağ səfəri haqqında düşünən alpinistlər Çauxi massivində təlim-məşq toplanışları keçirib, əfsanəvi Kazbek zirvəsinə qalxıblar.

Səfərdə 11 nəfər iştirak edib – həm təzə başlayan, həm də təcrübəli alpinistlər. Qrupun rəhbərliyini AAF-nın instruktoru Etibar Məmmədov həyata keçirirdi.

Çauxi massivində məşqlər keçirilib, Muxadze (3289 m, 1B), Takaişvili (3424 m, 1B) və Tikanadze (3436 m, 2A) zirvələrinə qalxmalar həyata keçirilib. Həmçinin idmançılar Rçeulişvili (3459 m, 1B), Cavaişvili (3780 m, 3A) və TQU (3782 m, 2B) zirvələrinin kəşfini aparılıblar.

Çauxidə məşq və qalxmalarını bitirən qrup Kazbeqi kəndinə gedib, oradan Kazbek dağına (5033 m, 2A) doğru üz tutub. Avqustun 25-i saat 04.00-da qrupun bütün üzvləri 4200 m hündürlüyündə qurulan düşərgədən çıxıb saat 07.00-da zirvəyə çatmışdır. Sonra alpinistlər yenə də 4200 m-dək enib, düşərgəni yığışdırıb və 5 saat ərzində səfərə çıxma nöqtəsi olan Samba monastırına (2170 m) qayıdıblar.

Bu gün alpinistlər artıq Bakıdadırlar və yeni ekspedisiyalar barəsində düşünürlər.

Qeyd edək ki, bu mövsümdə Gürcüstan Azərbaycan alpinistlərinin təlim-məşq toplanışları və qalxmaları üçün əsas yer oldu. Belə ki, avqustda Azərbaycan Alpinizm Federasiyasının daha iki üzvü - “Nikoyl” və “DİK” - klublarının toplanışları da Gürcüstanda həyata keçirilmişdir.

AAF-nın mətbuat xidməti

Xəbər 732 dəfə oxundu.