Azərbaycan Alpinistləri yenə də Kazbekə dogru üz tutublar
Azərbaycan alpinistləri qrupu dünən gecə Gürcüstana yollandı. Orada qrup tanınmış alpinist, Respublika Alpinist-Turist Klubunun üzvü Firuz Dadaşovun rəhbərliyi altında təlim-məşq toplanışlarını həyata keçirib, həmçinin Kazbekə də qalxmağı planlaşdırır.

8 nəfərdən ibarət olan qrupa əsasən alpinizmdə ilk qədəmlərini qoyan idmançılar daxil olub. Onlar, qar-buz şəraitində işləməyi və axtarış-xilas əməliyyatlarını aparmağı öyrənəcəklər.

“Bu məşqlər alipnistlər üçün olduqca vacibdir, çünki əldə olunan təcrübə gələcəkdə onlara mütləq lazım olacaq”, - deyə qrupun gənc rəhbəri bildirib.

Firuz Dadaşovun sözlərinə görə, məşqlər bitəndən sonra qrup Kazbekə (5033 m) qalxacaq, amma bu fikir yalnız xoş hava şərəitindən asılıdır.

“İlkin proqnozlara görə, biz qalxmamızı planlaşdıran vaxt hava şəraiti yaxşı olmalıdır. Lakin dağ havası hiyləgərdir, bir saat, yarım saat içində tamamən dəyişə bilər”, - Dadaşov deyib.

Beləliklə, hava şəraiti alpinistlərimizi aldatmasa, avqustun 4-də onlar, 3600 m hündürlüyə qalxıb, ana düşərgəsini quracaq, ayın 5-də qar-buz və axtarış-xilas məşqlərində iştirak edəcəklər, avqustun 6-da isə zirvəyə doğru qalxacaqlar.

Alpinistlərin qayıdışı bazar günü planlaşdırılır.

Arayış:

Firuz Dadaşov əfsanəvi alpinist Akif Rüstəmovun tələbəsi, Azərbaycan alpinistlərinin gənc nəslinin nümayəndəsidir. 2011-2013-cü illərdə AAF-nın yüksəkliyə qalxan yığma komandasının tərkibində Mərkəzi Asiyanın 7000 metrdən hündür olan 4 ən yüksək zirvəsinə qalxıb. 2014-cü ildə Firuz İsrafil Aşurlı ilə birlikdə Himalayın 8-minlik zirvəsi Şişabanqmaya qalxmağa cəhd ediblər.

Xəbər 756 dəfə oxundu.