Qaliblər mükafatlandırıldılar

Dekabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq, Bakı şəhəri üzrə keçirilmiş 61-ci klub-komanda birinciliyinin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən BŞGİBİ-nin rəis müavini Aydın Yusifov yarışların yüksək səviyyədə təşkil edildiyini qeyd edib və ümidvar olduğunu bildirib ki, turnirdə fərqlənən yeniyetmə futbolçuların hər biri gələcəkdə yüksək nailiyyətlər əldə edəcək, ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlar. BŞGİBİ-nin sektor müdiri Adil Ağayev bu yarışların böyük əhəmiyyətini vurğulayıb və Kazbek Tuayev, Anatoli Banişevski kimi tanınmış futbolçuların, eləcə də bir sıra futbol mütəxəssislərinin əksəriyyətinin vaxtilə klub komanda birinciliyində oynadıqlarını və öz ustalıqlarını artırdıqlarını söyləyib.

Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov isə çıxışı zamanı oyunların 2 dəstə üzrə 80 komandanın (20 klub-komanda) iştirakı ilə 4 yaş qrupunda keçirildiyini, yarışları AFFA tərəfindən təyin edilmiş 106 hakim, 18 hakim-inspektorun idarə etdiyini və oyunlar zamanı 18 sarı, 37 qırmızı vərəqə göstərildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Sonra mükafatlandırma mərasimi olub. Yarışlarda mükafata layiq yerlər tutmuş komandalara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kuboklar təqdim olunub.

Məlumat üçün bildirək ki, BŞGİBİ tərəfindən aprelin 24-dən noyabrın 14-nə qədər Bakı şəhərinin müxtəlif futbol meydançalarında keçirilən 61-ci klub-komanda birinciliyinin klub hesabında qalibi «Vətən» RİOEUGİFM-1-in komandası olub. İkinci yeri «Məşəl», üçüncü yeri isə Sabunçu UGİM-in futbolçuları tutublar.

Xəbər 1070 dəfə oxundu.