"Qarabağ" Avropa Liqasının qrup mərhələsində
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalan "Qarabağ" klubu tarix yazıb.

Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olub.

Buna qədər Bakının "Neftçi" klubu bu hüquqa yiyələnib. "Ağ qaralar" 2012/2013 mövsümündə Kiprin APOEL klubunu üstələməklə (1:1, 3:1) ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmışdı.

Xatırladaq ki, "Qarabağ" klubu daha öncə 3 dəfə Avropa Liqasının pley-off mərhələsində oynasa da, hamısında rəqiblərinə uduzaraq mübarizəni dayandırmışdı. Son Azərbaycan çempionu 2009/2010 mövsümündə "Tvente"yə (Hollandiya), 2010/2011 mövsümündə "Borussiya" (Dortmund, Almaniya) və nəhayət 2013/2014 mövsümündə "Ayntraxt" (Almaniya) klublarına məğlub olmuşdu. Bu dəfə isə "Qarabağ" yenə "Tvente" ilə qarşılaşdı və rəqibini iki oyunun nəticəsinə görə üstələyərək (0:0, 1:1) tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərinə bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq püşkü zamanı aydınlıq gələcək.

Xəbər 869 dəfə oxundu.