“Qəbələ”nin kikboksçusu «Glory Ranked Fights»ə vəsiqə qazandı | |
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm şou gecəsi keçirildi. İdman.com.az saytı xəbər verir ki, “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə kikboks üzrə reytinq xarakterli döyüşləri baş tutdu. Saat 17:00-da başlayan yarış “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlandı. Bundan başqa, dünyaca məşhur «Evrosport», Rusiya və Çinin TV-ləri də şounu diqqətlə izlədilər. Tədbiri məşhur rinq anosçusu və şoumeni Aleksandr Zaqorski idarə etdi. İlk olaraq rinqə Azərbaycan kikboksçusu Rəhim Əliyev və Daniel Korbeanu (Rumıniya) çıxdı. 5 raund davam edən döyüşdə qalib rəqib idmançı oldu. 2-ci görüşdə əslən azərbaycanlı olan Ukrayna rinq ustası Roman Mayılov polşalı Mateuş Kopieç 3 hissənin yekununda məğlub etdi. Şou gecəsində maraqlı görüşlərdən biri həmyerlimiz Ramal Aslanovla çinli Guo Xianfenq arasında baş tutdu. Rəqib cəld zərbələr endirsə də, kikboksumuz ağır zərbələrlə məsələni elə ilk raunda xeyrinə həll etdi. Almaniyalı Yuri Kel də döyüşü vaxtından əvvəl başa çatdırdı. Telman Süleymanov (Azərbaycan) 2-ci hissədə nokautla uduzdu. Xorvatiyalı Teo Mikeliçlə litvalı Tadas Yonkusun döyüşündə adı ilk çəkilən idmançı qalib gəldi. Sonra ən reytinqli – «Glory Ranked Fights» üzrə döyüşlər keçirildi. Birinci rinqə Lim Çi-Bin (Koreya) ilə Mosab Əmrani (Mərakeş) çıxdı. Gərgin mübazədə afrikalı idmançı elə ilk raunda rəqibini öncə noqdaun, sonra nokauta göndərdi. Qalibə kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdi. Qeyd edək ki, Əmrani reytirnqdə 1-cidir. O, yarışdan bir gün öncə verdiyi açıqlamada, Azərbaycana öz liderliyini qorumaq üçün gəldiyini bildirmişdi. Növbəti döyüşdə Pərviz Abdullayev çinli Jiao Fukai qarşılaşdı. Dramatik mübarizədə həmyerlimiz 2-ci hissədə rəqibin qarın nayihəsinə tutarlı zərbə vurdu. Jiao bu vuruşdan nokauta düşdü və xeyli sonra ayağa qalxdı. Qalibə kuboku «Qəbələ» İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov verdi. Bu qələbə ilə idmançımız «Glory» seriyasına vəsiqə qazandı. Yarımfinal qarşılaşmasında Ramal Aslanov ukraynalı həmvətəni Roman Mayılovla üz-üzə gəldi. İlk hissə bizim idmançının üstünlü şəraitində keçdi. Növbəti 2 raundda da Ramal təşəbbüsü əldən vermədi. Hakimləri yekun rəyi xeyrimizə oldu və kikboksçumuz xal hesabı ilə qələbə qazandı. Yuri Kel ilə Teo Mikeliçin mübarizəsi uzun çəkdi. İlk 3 hissədə qalib müəyyənşmədi. Əlavə raundda Almaniyalı idmançı üstün hesab edildi. «Glory» seriyasında növbəti qarşılaşma Ərxan Varol (Türkiyə) ilə son çempion Albert Kraus (Niderland) arasında baş tutdu. 3 hissənin sonunda qalib holland idmançı oldu. Ən ağır çəkili kikboksçuların döyüşündə Camal Ben Sadiq (Mərakeş) və Hesdi Greges (Misir) üz-üzə gəldi. Döyüşdən əvvəl təşkil olunmuş təqdimat mərasimində bu idmançılar arasında gərginlik yaşanmışdı. Belə ki, rinq ustaları bir neçə dəqiqə gözlərini bir-birindən çəkməmişdi. Onları yarışın təşkilatçıları aralamışdı. Bu güzəştsizlik özünü rinqdə də göstərdi. Camal rəqibinə qaydalardan kənar - o yerdə ikən zərbə endirdiyi üçün, baş hakim tərəfindən döyüşdən kənarlaşdırıldı. Misirli idmançıya kuboku Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev təqdim etdi. Şou gecənin finalında Yuri Kel ilə Ramal Aslanov qarşılaşdılar. İlk 3 raundda idmançımız fəallıq göstərsə də, referilər əlavə hissəyə ehtiyac gördülər. Ramal yumruqla çox zərbə endirdiyindən, xal ehtiyatını elə də yüksəldə bilmədi. Hakimlər də bəzi məqamlarda ona qarşı ədalətsiz oldular. Nəticədə, Yuri yarışın qalibi olaraq, «Glory» seriyasına vəsiqə qazandı. Ona mükafatları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev və peşəkar boksçu Fariz Məmmədov təqdim etdilər. Kamran HACI, Qəbələ |
|
Xəbər 1221 dəfə oxundu. |
|
|