«Qəbələ» yarımfinala çıxdı, «Neftçi» xalsız qaldı
Qəbələdə 15 yaşa qədər futbolçular arasında «Qəbələ kuboku-3» beynəlxalq turniri davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün səhər keçirlmiş görüşdə meydan sahibi «Liverpul»la qarşılaşdı. «Qara-qırmızılar» fəallıq göstərsə də, rəqibin təcrübəsi öz sözünü dedi.

İlk hissədə 1 dəfə fərqlənən mersisaydlılar, növbəti yarının əvvəlində daha 1 qol vurdular. Ruhdan duşməyən «Qəbələ» 11-metrlik cərimə zərbəsindən bu topların birinin əvəzini çıxdı. Oyunun sonrakı gedişatında meydan sahiblərinin 1 qol da vurmağa gücü çatdı – 2:2. Heç-heçə «Qəbələ»ni yarımfinala yüksəltdi.

«A» yarımqrupunda digər matçda «Fənərbağça» İtaliyanın «Udineze» komandası ilə görüşdü. Gərgin keçmiş mübarizədə «sarı-lacivərdlilər» qalib gəldilər (2:0).

«B» yarımqrupunda Avstriyanın «Rapidi» klubu Moskva «Lokomotiv»ini böyük hesabla məğlub etdi – 3:0. O biri oyunda «Neftçi» Belçika «Anderlext»i ilə üz-üzə gəldi. Qonaqların üstünlüyü ilə keçən matçda rəqib sevinən tərəf oldu – 1:0.

Qeyd edək ki, qrup mərhələsində görüşlər hər hissədə 20 dəqiqə keçirilir. 1-2-ci yerləri tutanlar yarımfinala adlayırlar. 3-4-cü pillələrdə qərarlaşanlar 5-8-ci mövqələr üçün oynayacaqlar.

«A» qrupu: 1. «Fənərbağça» - 9 xal, 2. «Qəbələ»4 , 3. «Udineze» 3, 4. «Liverpul» 1.
«B» qrupu: 1. «Anderlext» - 7 xal, 2. «Rapid» 6, 3. «Lokomotiv» 4, 4. «Neftçi» 0.

Xəbər 949 dəfə oxundu.