AMKF rəhbərliyi seçmə komandanın üzvləri ilə görüşüb
Mayın ilk günlərində Finladiyanın Tampere şəhərində Avropa çempionatı, ardınnan isə Qətər Əmirliyinin paytaxtı Dohada uğurlu çıxışlardan sonra Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi hər iki yarışın nəticələrini təhlil etmək üçün idmançılarla birgə yığıncaq keçirib.

İclasda federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, baş məşqçi Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, kata üzrə böyük məşqçi Vahid Ayvazov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov fikirlərini bildiriblər. Federasiya rəhbərliyi milli komandamıza ilk dəfə komandalar arasında Avropa çempionu olmağı münasibətilə təbriklər söyləyib, bu tarixi uğurun federasiyanın 20 illik yubileyinə ən böyük töhfə olduğunu diqqətə çatdırıb. Onlara bir daha dopinqlə mübarizəni diqqətdə saxlamaq və zədələrdən qorunmaq kimi vacib məqamlar tövsiyyə edilib.

İdmançılara həmçinin maliyyə şəffaflığını təmin etmək üçün baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfdən maliyyə dəstəyinin müəyyən xərcləri açıqlanıb. Qarşıda duran digər vəzifələr diqqətə çatdırılıb, cari məsələlər müzakirə olunub. Yığıncağın sonunda federasiyanın fərqlənən üzvlərinə növbəti beynəlxalq dan sertifikatları təqdim olunub. AMKF-in birinci-vitse prezidenti İlham Qasımzadəyə və hakimlər komitəsinin sədri Cahangir Babayevə 5-ci dan, dəfələrlə dünya və avropa çempionu Rəfael Ağayevə isə 4-cü dan verilib. Yığıncaq ziyafətlə davam edib.


Xəbər 997 dəfə oxundu.