Azərbaycan milli komandası Avropa çempionudur
Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatının qalibi oldu. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda 4 güclü rəqibinə qalib gəldi. İdmançılarımz Latviya komandasını 3-0, dünya çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gələn Serbiyanı 2-1, yarımfinalda isə Hollandiyanı 2-0 hesabı ilə məğlub etdilər. Finalda favoritlərdən olan Türkiyə ilə görüşdə 2-2 hesabı qyedə alınsa da xal fərqində üstün olan karateçilərimiz tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu oldular.

Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan 23 medal qazana bilən ölkə arasında 4-cü pilləyə qalxdı.

Azərbaycan Karate Do Federasiyaları Assosiasiyasının nümayəndəsi Yaqub Babazadə və federasiyanın baş sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən qaliblər ilkin pul mükafatları ilə qiymətləndirildilər. Zədəli olsa da sonadək döyüşən Ayxan Mamayevə və ilk dəfə qadınlar arasında bürünc mükafatçı Nuranə Əliyevaya ABB tərəfindən təsis edilmiş "Əzmkar döyüşçü" mükafatı da təqdim edildi. Milli komandamız 6 may tarixində vətənə dönəcək.

Xəbər 992 dəfə oxundu.