"Trabzonspor"a texniki məğlubiyyət verildi
Türkiyə Futbol Federasiyası (TFF) təxirə salınan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı qərarını verib.

Superliqanın 24-cü turunda baş tutan bu qarşılaşmada Trabzon təmsilçisinin azarkeşləri meydançaya yad əşyalar, partladıcı maddələr atdıqları üçün matç yarımçıq dayandırılmışdı.

Ölkənin futbol qurumu bu gün keçirdiyi iclasda azarkeşlərin bu davranışları səbəbindən "Trabzonspor"u texniki məğlubiyyətlə cəzalandırıb - 0:3. Bununla da "Fənərbaxça" çempionatın bitməsinə altı tur qalmış xalını 63-ə yüksəldib. Klub ən yaxın izləyiciləri "Qalatasaray" və "Beşiktaş"ı on xal qalabaqlayır.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" matçının 23-cü dəqiqəsində Emenike qonaqları hesabda önə çıxarsa da, məlum səbəblərdən oyun yarımçıq dayandırılmışdı.

Xəbər 848 dəfə oxundu.