Dünya şahmat tacına iddiaçıların turnirində Vişvanatan Anand qalib gəlib | |
Bu gün Xantı-Mansiyskdə şahmat üzrə dünya çempionu adına iddiaçıların turnirində sonuncu, 14-cü tur keçirilmişdir. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov son turda rusiyalı Vladimir Kramniklə sülh bağlamışdır. Oyun 30-cu gedişdə başa çatmışdır. Erməni qrossmeysteri Levon Aronyan son turda Serqey Karyakinə uduzmuş, Vişvanatan Anand - Pyotr Svidler, Veselin Topalov - Dmitri Andreykin qarşılaşmaları heç-heçə nəticələnmişdir. Xatırladaq ki, hindistanlı Vişvanatan Anand sonuncu turdan əvvəl özünə turnirin qalibi titulunu təmin edərək hazırkı dünya çempionu Maqnus Karlsenla şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanmışdı. Rusiyalı qrossmeyster Serqey Karyakin 7,5 xal ilə gümüş medalın sahibi olmuşdur. Turniri 7 xal ilə başa vurmuş Şəhriyar Məmmədyarov Rusiya nümayəndələri Vladimir Kramnik və Dmitri Andreykinlə birlikdə 3-cü -5-ci yerləri bölüşür. Sonrakı iki yeri hərəsi 6,5 xal toplamış Levon Aronyan və Pyotr Svidler tutur. Bolqarıstan nümayəndəsi, keçmiş dünya çempionu Veselin Topalov cəmi 6 xal toplamış və turniri sonuncu yerdə başa vurmuşdur. |
|
Xəbər 1376 dəfə oxundu. |
|
|