ADBTİA-da Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü iə açan ADBTİA-nın rektoru professor Ağacan Abiyev 22 il bundan əvvəl Ermənistan Silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş Xocalı qırğını barədə məlumat verdi. A.Abiyev Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirdi və qeyd etdi ki, erməni vandalları tərəfindən törədilmiş soyqırımının qurbanlarının xatirəsini hər il xalqımız dərin hüznlə anır.

Çıxış edən Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsi zamanı xalqımızın yüzlərlə şəhid verdiyini diqqətə çatdırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulduğunu deyən V.Əliyev qeyd etdi ki, mənfur düşmən uşaq, qoca və qadın demədən yüzlərlə sakini qətlə yetirdi. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunların Xocalı faciəsi kimi soyqırımları pislədiyini deyən natiq, erməni faşistlərinin tezliklə cəzalandırılacağına ümid etdiyini bildirdi. V.Əliyev Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini və bu tədbirlər nəticəsində artıq bir sıra ölkələrin Xocalı soyqırımını tanıdığını da vurğuladı.

Sonra çıxış üçün söz alan ADBTİA-nın prorektoru, professor Dilqəm Quliyev qeyd etdi ki, dünya tarixində bu gün ən qanlı cinayətin baş verdiyi günlərdən biridir. Xocalı faciəsinin yaddaşlarda əbədi yaşayacağını bildirən D.Quliyev ölkəmizin qabaqcıl ali məktəblərindən olan ADBTİA-nın gənclərinin də yüksək vətənpərvərlik hisslərlə yaşadıqlarını vurğuladı və indiyə qədər Qarabağ münaqişəsi zamanı ali təhsil ocağının 30-dan çox şəhid verdiyini dilə gətirdi.

Tədbirin sonunda Xocalı dəhşətlərini əks etdirən videofilm nümayiş etdirildi.

Xəbər 1285 dəfə oxundu.