Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı başa çatdı

Prezident İlham Əliyev çempionatın final mərhələsinin qarşılaşmalarını izləyib
Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı oktyabrın 8-də başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın final mərhələsinin qarşılaşmalarını izləyiblər.

Final mərhələsini izləyən tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycanda həyata keçirilən idman siyasəti ölkəmizi dünyada olimpiya məkanı kimi tanıdır. Odur ki, bu gün Azərbaycan dünyada güclü idman ənənələri ilə şöhrət tapıb. Çünki Azərbaycanda idmanı sevirlər və bu sahənin inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtımızla yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnir. Əslində, ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi.
Son illərdə Azərbaycanda yüksək səviyyəli beynəlxalq yarışların keçirilməsi ölkəmizin dünya idman ailəsində tutduğu layiqli yerdən xəbər verir. Bunu sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən boks üzrə XVI dünya çempionatı təsdiqləyir. Bundan əvvəl isə paytaxt Bakıda yeniyetmələr və gənclər arasında boks üzrə dünya birincilikləri uğurla təşkil olunub. Böyüklər arasında boks üzrə dünya çempionatı isə respublikamızda ilk dəfə keçirilib.

Təqdirəlayiq haldır ki, MDB məkanında məhz Azərbaycan ilk dəfə belə bir möhtəşəm yarışa ev sahibliyi edib. Bu cür yüksək səviyyəli beynəlxalq yarışlar postsovet məkanında yalnız 1989-cu ildə Moskvada keçirilib. Boks üzrə XVI dünya çempionatına 113 ölkədən 570 boksçu qatılıb. Yarış 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. 75 kiloqram çəki dərəcəsində Soltan Migitinov WSB liqasından London Olimpiadasına vəsiqə qazandığından çempionatda bu çəki dərəcəsində boksçumuz iştirak etməyib.

Bakıdakı dünya çempionatında 92 idmançı London Olimpiadasına vəsiqə qazanıb. Azərbaycan idmançılarından 64 kiloqram çəki dərəcəsində Heybətulla Hacıəliyev, 52 kiloqram çəki dərəcəsində Elvin Məmişzadə yarışların gedişində artıq Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etmişdilər.

Çempionatın son günündə 10 çəki dərəcəsi üzrə 20 idmançı mübarizə aparıb. Final mərhələsində Azərbaycanı iki idmançı təmsil edirdi. 91 kiloqramda mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ukraynalı Aleksandr Usik ilə qarşılaşıb. Gərgin idman mübarizəsində keçən oyunda məğlub olan Azərbaycan boksçusu dünya çempionatında gümüş medal qazanıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə İngiltərə idmançısı Entoni Coşuanı məğlub edərək dünya çempionatının qızıl medalına sahib olub.
Boks üzrə XVI dünya çempionatında 9 çəki dərəcəsində təmsil olunan milli komandamız London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıb.

Azərbaycan komanda hesabında Ukrayna və Kubadan sonra üçüncü yerdə qərarlaşıb.

Sonra idmançıların mükafatlandırılması mərasimi oldu.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Azərbaycan boksçusunun qələbəsinin şərəfinə dövlət himni səsləndi.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Xəbər 2362 dəfə oxundu.