“Synergy Baku”nun avstraliyalı velosipedçisi ən parlaq dövründə | |
Meksikada keçirilən trek üzrə Dünya Kubokunda 2 qızıl medal qazanan “Synergy Baku”nun avstraliyalı üzvü Lük Deyvison karyerasının ən parlaq dövrünü yaşayır. İdman.com.az xəbər verir ki, 23 yaşlı velosipedçi növbəti yarışlar üçün, daha dəqiq fevralda keçiriləcək Dünya Çempionatı üçün iddiasını xeyli artırıb və daha öncə qazandığı bürünc medalı bu dəfə qızıla çevirmək arzusundadır. Velonation.com saytına verdiyi müsahibədə Deyvison bildirib ki, hazırda onun əsas diqqəti məhz DÇ-yə yönəlib: “Minskdəki komanda təqibi yarışında 4 ən güclü idmançı içərisində istənilən kimi çıxış edə bilmədim və bu mənə çox pis təsir etdi. Amma inanıram ki, bu mövsüm mənim üçün tam fərqli olacaq. Omnium üzrə fərdi yarışlarda imkanlarımı artırmağım komanda yarışlarında da faydalı olmağıma şərait yaradır. Bu amil Meksikada hər iki növdə qalib gəlməyimə çox kömək etdi. Bir sözlə, indi ümidlərim daha böyükdür”. Deyvison gənc ikən komanda təqibi, Omnium və Medison tipli müxtəlif yarışlarda da qələbə sevinci yaşayıb. Amma yaş kateqoriyasını dəyişdikdə uyğunlaşma prosesində müəyyən çətinliklər yarandı və bu da idmançının 1 il kölgəyə çəkilməsi ilə nəticələndi. Buna rəğmən, 2011-ci ilin sonunda yenidən böyük idmana qayıdan velosipedçi “Budget Forklifts” komandasının heyətində “Gippsland”, “Böyük Cənub Sahili”, “Murray River” turlarında Avstraliya Milli Şosse seriyasının qalibi adını qazandı. Sonra o “Drapac” peşəkar komandasına keçdi və “Jayco Herald Sun Tour” yarışının 2-ci mərhələsinin qalibi oldu. Uğurlu çıxışlar trekdəki dünya bürüncü ilə davam etdi. Şosseyə qayıtdıqdan sonra “Murray River” turunda qalib gələrək Avropada qaldı. Qısa kriterium yarışlarında uğurlar qazanan Deyvison özünü şosse velosipedçisi ola biləcəyinə inandıra bildi. 2014-cü ildə “Synergy Baku”nun şərəfini qoruyacaq Lük Deyvisonu yeni komandasının heyətində ciddi sınaqlar gözlərir. O, Meksikadan qayıtdıqdan sonra Ispaniyanın Kalpe şəhərində təlim-məşq toplantısı keçən komandasına qoşulub və yeni mövsümün hazırlıqlarına başlayıb. |
|
Xəbər 1262 dəfə oxundu. |
|
|