"Araz Naxçıvan"dan böyük hesablə qələbə
Bu gün I divizonun 4-cü turunda "Araz Naxçıvan" çətin Qazax səfərinə yollanmışdı. Anar Salmanovun baş hakimi olduğu matç saat 16:00-da start götürdü. "Araz Naxçıvan"ın hücumları qarşısında qərb təmsilçisi "Göyəzən" cəmi 20 dəqiqə tab gətirə bildi. Ruslan Abıyevin komandamıza hava-su kimi lazım olan qolu Əsgər Abdullayevin "drujinası"nı hesabda önə çıxardı.

Qərb komandası ilk qolun şokundan ayılmamış 22-ci dəqiqədə Davud Canıyev "Araz Naxçıvan"ın ikinci qolunu "Göyəzən"ın "çərçivə"sinə ünvanlamağı bacardı. İlk hissədə başqa qol olmadığından Əsgər Abdullayevin yetirmələri fasiləyə üstün və bir az da rahat yollandılar.

İkinci hissədə də hücumlarının kəsərini azaltmayan naxçıvanlılar 51-ci dəqiqədə Davud Canıyevin "dublu" sayəsində hesabı 3:0-a çatdırdılar. Bu da matçda sonuncu qol olmadı. 57-ci dəqiqədə Mikayıl Rəhimov da adını tabloya yazdırmağı bacardı, 4:0. Sonrakı dəqiqələrdə "çərçivə"lər sabit saxlanıldığından mat bu hesabla yekunlaşdı.

Xallarının sayını 10-a çatdıran "Araz Naxçıvan" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Araz Naxçıvan" oktyabrın 12-də doğma divarlar arasında Yevlaxın "Karvan" komandasını qəbul edəcək.

Xəbər 953 dəfə oxundu.