4 boksçumuz yarımfinalda | |
İrlandiya paytaxtı Dublində keçirilən gənc boksçular arasında Avropa birinciliyində 14 final döyüşləri başa çatıb. İdman.com az saytı xəbər verir ki, bu mərhələdə mübarizə aparmış 6 boksçumuzdan 4-ü qələbə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər. Əvvəlcə Rauf Rəhimov (75 kq) rinqə çıxıb. Son qitə birinciliyinin gümüş mükafatçısı İtaliya təmsilçisi Cüzeppe Rannonu 15:11 hesabı ilə məğlub edib. Superağır çəki dərəcəsində yarışan Heydər Heydərov da yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz belaruslu Nikolay Ramanenkodan bir baş üstün olub, 23:6. Coşğun Əliyev də (64 kq) ən azı qitə birinciliyinin bürünc medalını boynundan asacaq. Milli komandamızın üzvü 14 finalda Bolqarıstan idmançısı Nikolay Koev üzərində 8:4 hesabı ilə qələbə qazanıb. 60 kq çəki dərəcəsindəki təmsilçimiz Pərviz Bağırov yerli boksçu Maykl Makdonahla üz-üzə gəlib. Publikanın dəstəyi boksçumuzun qələbəsinə mane olmayıb – 9:6. Ancaq yığmamızın digər üzvü Tural Əhmədovun (52 kq) irlandiyalı Coe Fitzpatriklə döyüşündə hakimlər yerli idmançının qələbə qazanması üçün əllərindən gələni ediblər. Əhmədov rinqdə daha yaxşı təsir bağışlasa da, qələbə rəqibə verilib – 14:15. Fəqan Hüseynov isə (69 kq) türkiyəli İhsan Ərdoğana 7:11 hesabı ilə məğlub olub. Yarımfinal görüşləri avqustun 26-da keçiriləcək. |
|
Xəbər 1032 dəfə oxundu. |
|
|