"Simurq" Gürcüstanda təlim-məşq keçəcək
Dünən Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə "İnter" üzərində əzimkar qələbə qazanan "Simurq", məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandanın "DÇ-2014"ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən ötrü Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək.

Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda, ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirəcək. Ancaq Georgi Çixradenin komandasının rəqibinin kim olacağı hələ məlum deyil.

Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətdə bir araya gələ biləməyəcək. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak etməyəcəklər. "Sarı-qaralar" sentyabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.

Xəbər 941 dəfə oxundu.