"Baku United" tarix yazdı
İngiltərə çempionu olan "Baku United" futzal klubu avqustun 31-də Polşada UEFA Futzal Kubokunun təsnifat mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda sonuncu oyununu keçirib.

Bakılıların rəqibi meydan sahibləri "Visla" klubu olmub. Hər iki komanda birinci oyunlarında qalib gəldiyindən, bu oyunun qalibi birbaşa UEFA Kubokunun əsas mərhələsinə çıxacaqdı.

Əvvəlcə "Visla"nın məşqçilər korpusu və oyunçuları Polşa mətbuatına oyunla bağlı bir sıra kəskin və iddialı bəyanatlar veriblər. Oyunun keçirildiyi arena isə "Visla" (Krakov) futbol klubunun çılğın fanatları tərəfindən doldurulub.

Gərgin şəraitə baxmayaraq, Azərbaycan paytaxtının adının daşıyan İngiltərə çempionu rəqibi 7-0 hesabı ilə darmadağın etib. Oyunun əsas qəhrəmanları isə hərəyə 2 qol vuran Marcelo və Arnaldo olub.

Beləliklə, Baku United İngiltərənin futzal tarixində ilk dəfə olaraq UEFA Futzal Kubokunun əsas mərhələsinə çıxıb. Bununla əlaqədar İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi "Baku United"in prezidenti və Odlar Yurdunun sədri İlham Nağıyevi təbrik edib.

Xatırladaq ki, “Baku United” klubu İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb.

Xəbər 914 dəfə oxundu.