İdmançılarımız dünya çempionatının finalında!
Azərbaycan idmançıları Sergey Bezuqlıy və Aleksey Kupindən ibarət duet Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatının əsas finalına yüksəlib. Cütlük bu uğura 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə imza atıb.

Onlar seçmə mərhələdə 1 dəqiqə 40,932 saniyə nəticə ilə 2-ci olublar. Yarımfinalda isə duetimiz finişə 1 dəqiqə 43,858 saniyəyə çataraq, 3-cü yeri tutub. Bu nəticə təmsilçilərimizin əsas finala vəsiqəsi üçün yetərli olub. Həlledici yürüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 18:35-də keçiriləcək. Bezuqlıy – Kupin duetinin rəqibləri Gerasim Koçnev – Dilşod Yuldaşov (Özbəkistan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Viktor Melantyev – İvan Ştıl (Rusiya), Liviu Alexandru Lazar Dumitresku – Viktor Mixalaki (Rumıniya), Henrik Vasbanyay – Robert Mike (Macarıstan), Robert Nuk – Ştefan Holts (Almaniya) və Mixail Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan) cütlükləri olacaq.

500 metr məsafəyə yürüşlərə qatılan digər təmsilçilərimiz isə medallar uğrunda mübarizə şanslarını itiriblər. Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı ilə (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 4-cü yeri tutub. Finişə 1 dəqiqə 41,312 saniyəyə çatan Cavadov yarımfinala yüksəlib. Bu dəfə o, 1 dəqiqə 42,170 saniyə göstərici ilə yenə 4-cü olub və əsas finaldan kənarda qalıb.

1 nəfərlik kanoe qayığı (C-1) ilə yürüşdə Anatoli Melnik seçmə mərhələdə finişə 1 dəqiqə 53,233 saniyəyə çataraq, 4-cü yeri tutub. O, yarımfinalda 1 dəqiqə 53,178 saniyə nəticə göstərsə də, 5-ci yerlə kifayətlənib və əsas finala çıxa bilməyib.

Həm Cavadov, həm də Melnik sentyabrın 1-də B finalında (10 – 18-ci yerlər uğrunda) mübarizə aparacaqlar.

Xəbər 1091 dəfə oxundu.