Azərbaycan kanoeçiləri dünya çempionatında şahzadələr arasında | |
Avqustun 17-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə dünya çempionatı başlayacaq. Bu yarış 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Ona görə də çempionatda xeyli ölkə təmsil olunacaq. Artıq 94 ölkə iştirakını təsdiqləyib. Onların arasında Azərbaycan da var. Kayak və kanoe üzrə milli komandamız tarixində ilk dəfə olimpiya lisenziyalı dünya çempionatında iştirak edəcək. İlk cəhddə yığmamız ən azı London olimpiadasına vəsiqə qazanmağa iddialıdır. Xüsusən, kanoe növündə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla mübarizə aparacaq idmançılarımızı qeyd etməliyik. Dünya çempionatının startı öncəsi yarışın rəsmi saytı (www.szeged2011.com) favoritlərin – şah və şahzadələrin adlarını açıqlayıb. Çempionatın şahzadələri kimi təqdim edilənlər arasında Azərbaycan təmsilçiləri də var. Bunlar 2-qat dünya və ikiqat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Valentin Demyanenko – Sergey Bezuqlı cütüdür. Demyanenko 2009-cu ildə 1-nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə dünya çempionu olub. Bu il isə o, Serbiya paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşlərdə 2 qızıl medala sahib olub. Artıq kanoeçimiz eyni məsafələrə yürüşlərdə dünya çempionluğuna iddialılar sırasında göstərilir. Demyanenko indiyədək əldə etdiyi çoxsaylı mükafatlarından birinə 2008-ci ildə məhz Seqeddə yiyələnib. İdmançımız həmin vaxt Dünya Kubokunun I mərhələsində 200 metr məsafəyə yürüşdə qızıl medal əldə edib. 200 metr məsafəyə yürüşün şahı qismində isə ötənilki dünya çempionu İvan Ştıl (Rusiya) göstərilib. Ştıl 2-nəfərlik qayıqla və 4-nəfərlik estafetlə eyni məsafəyə yürüşdə daha 4 dəfə dünya çempionu və dünya çempionatının gümüş mükafatçısı olub. 2007-ci ilin dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 500 metr məsafəyə yürüşün (olimpiya məsafəsi həmin vaxt 500 metr sayılırdı, Pekin olimpiadasından sonra 200 metr oldu) bürünc mükafatçısı Yuri Çeban (Ukrayna), dünya çempionatlarının üçqat bürünc mükafatçısı Riçard Dalton (Kanada) digər şahzadələrdəndirlər. Bezuqlı – Prokopenko dueti 2-nəfərlik qayıqla (C-2) yürüşdə olimpiya məsafəsi sayılan 1000 metrin şahzadəsidir. Onlar ötənilki Avropa çempionatında qızıl medala sahib çıxıblar. 2009-cu il dünya çempionatında gümüş medal qazanan azərbaycanlı cütlük builki Dünya Kubokunun I mərhələsində təkcə 1000 metrdə deyil, 500 metr məsafəyə yürüşdə də qızıl medala sahib çıxıb. Onlar 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıblar. Dünya Kubokunun III mərhələsində kanoeçi duetimiz 1000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Builki Avropa çempionatında Bezuqlı – Prokopenko cütlüyü 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 1000 metr məsafəyə yürüşdə isə onlar 4-cü yeri tutsalar da, qızıl medala sahib çıxan Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) duetindən cəmi 1,176 saniyə geri qalıblar. Rusiyalı cütlük dünya çempionatında da şahzadələr sırasında göstərilir. Yürüşün şahı ötənilki dünya çempionatının ikiqat qalibi (1000 metr və 500 metr), builki Avropa çempionatında 500 metr məsafəyə yürüşün qalibi Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) duetidir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibləri, 2010-cu il dünya, 2011-ci il Avropa çempionatlarının gümüş mükafatçıları Andrey Boqdanoviç – Aleksey Boqdanoviç dueti isə şahzadələr arasında qeyd olunub. Qeyd edək ki, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlı – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya çempionatında ilk “7-liy”ə düşməlidirlər. |
|
Xəbər 1143 dəfə oxundu. |
|
|