Bakıda Olimpiya Stadionunun təməli qoyuldu | |
İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan futbolunun 100 yaşı tamam olur. Bu münasibətlə paytaxtımızda keçirilən yubiley tədbirlərinin ən möhtəşəmi Bakı Olimpiya Stadionunun təməlinin qoyulmasıdır. İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak etmişlər. Tədbirdə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak etmişlər. Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə məlumat verildi ki, metronun “Məşədi Əzizbəyov” stansiyası dairəsindəki yol ayrıcının şimal hissəsində, Sabunçu rayonunda 50 hektarlıq ərazidə yerləşəcək və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaqdır. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcəkdir. Bildirildi ki, daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcəkdir. Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaqdır. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq fəaliyyət göstərəcəkdir. Qeyd edildi ki, stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanmışdır. Müsabiqə elan olunmuş, bir çox yerli və xarici şirkətlərin təkliflərinə baxılmışdır. İqtisadi səmərəlilik, müasirlik, funksional xüsusiyyətlərin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə qoyulan texniki şərtlərə uyğunluğu baxımından Türkiyənin “TOCA” şirkəti tərəfindən təqdim olunan layihə konsepsiyası bəyənilmiş və layihələndirmə işləri həmin konsepsiya əsasında aparılmışdır. Məlumat verildi ki, stadionun ətrafı və tribunaların üstü hava şəraitindən asılı olaraq özünütəmizləmə xüsusiyyətinə malik membran örtüklə bağlanacaqdır. Stadionun yerləşəcəyi ərazinin inşaat üçün hazırlanması işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tikinti təşkilatları tərəfindən həyata keçirilmişdir. Həmin ilkin tədbirlərə indi də davam etdirilən ərazinin abadlaşdırılması, habelə stadionun bünövrəsinin etibarlı qurulması məqsədi ilə yeraltı svayların vurulması işləri daxildir. Bundan başqa, tammiqyaslı tikinti üzrə xidmətlərin göstərilməsi üçün aparılacaq beynəlxalq tenderin şərtləri də hazırlanır. Sonra dünya və Azərbaycan futbolunun tarixindən bəhs edən film nümayiş olundu. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: -Hörmətli qonaqlar. Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu bayram tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə FİFA prezidenti cənab Blatteri, UEFA prezidenti cənab Platinini səmimiyyətlə salamlayıram. Sizin hər bir gəlişiniz Azərbaycanda futbolun inkişafına yeni təkan verir və sizi qonaqlar arasında görmək bizim üçün böyük şərəfdir. Fürsətdən istifadə edərək, bir neçə gün bundan əvvəl FİFA prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə, cənab Blatter, sizi ürəkdən təbrik edirəm. İnamlı qələbəniz bir də onu göstərir ki, FİFA sizin rəhbərliyiniz altında çox böyük və uğurlu yol keçmişdir, beynəlxalq futbol aləminin mütləq əksəriyyəti sizin namizədliyinizi dəstəkləmişdir. Bir daha demək istəyirəm ki, sizin rəhbərliyiniz altında FİFA qlobal təşkilata çevrilib. O təşkilata ki, onun əsas idealları dostluq, qardaşlıq, sülh, ədalət anlayışlarıdır. Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Bildiyiniz kimi, futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir. Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər. Futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə stadion istismara verilmişdir. Futbol meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır. Bu gün cənab Blatterin, Platininin və digər qonaqların iştirakı ilə Bakıda yeni stadionun açılışı qeyd olundu. Bu gün ölkəmizin ən böyük və ən müasir stadionunun təməl daşı qoyulur. Ümid edirəm ki, iki-üç il ərzində bu ərazidə möhtəşəm futbol arenası - 65 min yerlik yeni, müasir, bütün beynəlxalq standartlara uyğun stadion istismara veriləcəkdir. Bu, nəinki Azərbaycanın, ümid edirəm ki, bölgənin ən möhtəşəm, gözəl, yaraşıqlı və rahat stadionu olacaqdır. Stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər. Bizim bu sahədəki beynəlxalq əlaqələrimiz artır. Qeyd etmək istəyirəm ki, gələn il Azərbaycanda ölkəmizin tarixində ən böyük və mötəbər futbol yarışı keçiriləcəkdir. 17 yaşınadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu, böyük məsuliyyətdir və mən ümid edirəm ki, bütün müvafiq qurumlar hazırlıq işlərini lazımi səviyyədə aparacaqlar və bu çempionat Azərbaycanda çox uğurlu keçəcəkdir. Beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası dünya futbol federasiyaları arasında öz yerini tuta bilmişdir. Hesab edirəm ki, bu da futbolun inkişafı üçün çox vacib bir amildir. Xüsusilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının, Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar tərəfindən Azərbaycana verilən dəstək bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində futbolun inkişafı üçün əlavə ardıcıl, düşünülmüş addımlar atacaqdır. Bu gün yenə də demək istəyirəm ki, çox əlamətdar və tarixi bir gündür. Futbolun 100 illik yubileyini qeyd edirik. Bu yüz ilin 20 ilini biz müstəqil Azərbaycanda yaşayırıq. Eyni zamanda, möhtəşəm stadionun təməl daşının qoyulması da tarixi hadisədir. Bir daha bütün futbol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm və yenə də hesab edirəm ki, bütün azarkeşlər də mənim sözlərimə qoşulacaqlar. Yenə də futbolçularımızdan böyük ümidlərlə qələbələr və uğurlar gözləyirik. Sağ olun. X X X UEFA prezidenti Mişel PLATİNİ çıxış edərək dedi: -Cənab Prezident. Hörmətli birinci xanım. Cənab federasiya prezidenti, icraiyyə komitəsinin və Assosiasiyanın üzvləri. Azərbaycanda olmağımdan böyük şərəf hissi duyuram. Belə bir gözəl gündə bu mərasimdə iştirak etməkdən şərəf hissi duyuram. Biz elə indicə burada tikiləcək bu böyük stadionun ilk çalarlarını gördük. Gördük ki, burada böyük tikinti işi gedəcəkdir. Ümumiyyətlə, bu şəhər mənim çox xoşuma gəldi. Cənab nazir, siz də bunu qeyd edə bilərsiniz, Assosiasiyanızın prezidenti və o cümlədən icraçı katib də gördük ki, imkanlar yaradılır, valideynlər öz övladlarını gətirirlər. Onlara bu şəraitdən istifadə etmələri üçün imkan yaradırlar. Yəni, lap gənc yaşlarımda, bilirsiniz, hətta deyərdim ki, mənim bu qədər imkanım, şəraitim olmayıb. Amma biz bu şəraiti indi Azərbaycanda görürük. Təbii ki, məktəbdə də müəyyən şəraitlər var idi, lakin bu qədər gözəllik yox idi. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim üçün böyük şərəfdir. Mən burada, futbolun keçmişi barədə o qədər bilmirəm. Lakin cənab Prezident, Sizin sözlərinizə şərik olaraq çox qısa onu deyə bilərəm ki, Azərbaycan futbolunun böyük gələcəyi vardır. Sağ olun. X X X FİFA-nın prezidenti Yozef BLATTER çıxış edərək dedi: -Hörmətli cənab Prezident Əliyev! Hörmətli birinci xanım və sizin hörmətli oğlunuz! Hörmətli hökumət üzvləri, futbol həvəskarları, dostlarımız, xanımlar və cənablar! Bu gün həqiqətən əlamətdar bir gündür. Bu, elə bir gündür ki, ölkə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası çox möhtəşəm bir tədbiri qeyd edir. Bu ölkədə futbolun 100 illiyi qeyd olunur. Bəli, FİFA-nın bütün üzvləri burada olmasa da, - bizim üzvlərimizin sayı 200-dən artıqdır, - hamısının adından deyə bilərəm ki, onlar bu gözəl oyunun məhz 100 il bundan öncə burada təşəkkül tapdığını bilməkdən çox şad olardılar. Mən böyük şərəf hissi ilə, həmçinin bu gün yeni tikiləcək stadionun təməlqoyma mərasimində də iştirak edirəm. Əslində bu, çox gözəl, möhtəşəm bir qurğu olacaq və 60 mindən artıq futbol azarkeşi bu stadiona gəlib futboldan həzz ala biləcəkdir. Bu, əslində Assosiasiyanın da apardığı çox böyük işin nəticəsidir. Ümumiyyətlə, bu addımın atılması çox böyük bir hadisədir. Ona görə mən istərdim ki, həmçinin sizin başqa planlarınız varsa digərlərini də tanış etsinlər, hətta digər memarlar da gəlib tanış olsunlar. Çünki bu, həqiqətən çox yaddaqalan, çox gözəl bir layihədir. Bu baxımdan, bu stadion, cənab Prezident, Siz bunu artıq qeyd etdiniz, həmçinin o məqsədə xidmət edəcəkdir ki, FİFA 2012-ci ildə Azərbaycanda 17 yaşlı yeniyetmə qızlar arasında çempionat təşkil edəcəkdir. Bu da bizim üçün böyük şərəfdir. Mənə futbolun tarixi haqqında məlumat verildi və qeyd edildi ki, məhz Siz mini futbol üzrə 5 nəfərdən ibarət iki komandanı yaradanlardan birisiniz. Bu da neçə illər bundan əvvəl baş tutubdur. Biz futbolun digər aspektlərindən söhbət açsaq, mən onu demək istərdim ki, Sizin bir qəhrəmanınız olubdur. Bəlkə də o, futbol oyunçusu olmayıb, lakin söhbət burada Tofiq Bəhramovdan gedir. O, tarixdə iz qoyan bir şəxs olubdur. Biz bir neçə il bundan öncə Sizin şəhərinizdə onun abidəsinin açılışı mərasimində bir yerdə iştirak etdik. Əslində futbol klassik üsluba malik olan bir oyundur. Bu, klassik, tragik bir formada öz təşəkkülünü tapan bir oyundur. Çünki burada həm vaxt, həm güc, həm böyük enerjinin sərf edilməsi tələb olunur. Futbol bu deməkdir. Cənab Prezident, Siz burada öz şərhlərinizi verdiniz. Mən Sizin dediklərinizə şərik çıxıram və Mişel də əslində bu idman kompleksi haqqında danışdı. Futbol insanları birləşdirir, bir araya gətirir. Mən çox şadam ki, Assosiasiya prezidentinin qeyd etdiyi kimi, bütün bu qurğular futbolla məşğul olmaq istəyənlərin hamısı üçün açıq olacaqdır. Futbol insanların, cəmiyyətin oyunudur. Ona görə, qapılar açıq olacaqdır. Bu baxımdan futbol, həmçinin mədəni, sosial rol oynaya bilər. Bəlkə də o qədər yüksək səviyyədə mədəniyyət sahəsi olmasa da, - bilirik ki, siz Avropa mahnı müsabiqəsində böyük qələbə qazandınız, - əslində bu oyunun özündə də ədalət, hörmət və fiziki ruh vardır. Ona görə, hörmətli xanımlar və cənablar, bu ədalətli oyun ruhunun cəmiyyətimizə gətirilməsində məhz futbol vacib bir məsələdir. Futbol qarşısına qoyduğu bu məqsədə nail olur. Bir daha deyirəm ki, futbol insanlar, millətlər üçün olan bir oyundur. İndi isə bizim gözəl bir fürsətimiz olacaqdır. Biz təməlqoyma mərasimində iştirak edəcəyik. Yeni tikiləcək stadionun təməlini qoyacağıq və iki il yarım, üç ildən sonra siz çox gözəl, xüsusi bir futbol arenasının şahidi olacaqsınız. Belə bir möhtəşəm işin görülməsi cənab Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində mümkün olacaqdır. Çünki bilirsiniz, cənab Prezident bunu istəyir. Mən bu ölkəyə ilk səfərimdən etibarən bu günə qədər baş vermiş dəyişikliklərə heyranam. Sözün əsl mənasında, bunların qarşısında baş əymək lazımdır. Biz bilirik ki, Sizin ölkənin hər bir yerində, hər bir guşəsində idmana böyük diqqət göstərilir. Bu, nəinki siyasət, nəinki iqtisadiyyat, ümumiyyətlə bütün digər sahələrlə müqayisədə çox yüksək səviyyədə görülən işlərdir. Elə indicə mən buraya gələrkən gözəl bir fotoşəkil gördüm. Gördüm ki, cənab Prezident, Siz çox gözəl bir mövqedə dayanıb ayağınızla topu vurursunuz. Mən istərdim ki, kaş bütün ölkə rəhbərləri futbola belə yanaşaydılar, bu cür yanaşma nümayiş etdirəydilər. Yəni demək istəyirəm ki, Azərbaycanda futbol da etibarlı əllərdədir. Bütün bu işlərə görə Sizə “çox sağ olun” deyirəm, cənab Prezident! Futbol üçün gördüyünüz bütün işlərə görə çox sağ olun. Bu, faydalı işlərdir. Bu, Sizin gəncliyiniz, gəncləriniz üçün daha parlaq gələcəyin təminatıdır. Bütün digər ölkələr, qonşu ölkələr, hətta uzaqda yerləşən ölkələr də çalışırlar. Onlar da istəyirlər ki, bu prosesdə iştirak etsinlər. Mən bu gün burada FİFA-nın prezidenti kimi, təxminən 200-ə yaxın assosiasiyanı təmsil edirəm. Həmin assosiasiyaların prezidentləri də burada əyləşiblər. Fürsətdən istifadə edərək onların da adından, cənab Prezident, Sizi xüsusi olaraq təbrik edirəm. Həmçinin Sizin milli futbol təşkilatınızı təbrik edirəm. Bildiyiniz kimi, futbol gözəl idman növüdür. Hər zaman deyirəm ki, futboldan həzz alın. Amma ən vacibi odur ki, həmçinin həyatdan da həzz alasınız. Çox sağ olun! X X X Daha sonra stadionun təməlqoyma mərasimi oldu. Dövlətimizin başçısı metal gilizi rəmzi topun içərisinə qoydu. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə saldı. Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini beton qarışığı tökən qurğunu işə saldılar, mərasimdən xatirə olaraq saxlanılacaq futbol topunu imzaladılar. Sonra xatirə şəkli çəkdirildi. Mərasimdə iştirak edən qonaqlar Prezident İlham Əliyev ilə söhbətlərində bir daha dövlətimizin başçısına Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər. AzərTAc |
|
Xəbər 2210 dəfə oxundu. |
|
|