Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunan güc idman növləri üzrə turnir keçirilir.
Turnir çərçivəsində şəhid E.Qurbanovun məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev, idman ictimaiyyətinin nümayəndələri, yarışın iştirakçıları və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhid E.Qurbanovun məzarı üzərinə çələng qoyulub, əziz xatirəsi böyük ehtiramla anılıb.
Xatirə turniri stritliftinq, didlift və benç-press növləri üzrə təşkil olunur. Yarışda idmançılar 70, 80, 90 və 100 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, şəhid E.Qurbanov federasiyanın nümayəndəsi olub və güc idman növlərinin Cənub bölgəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində taqım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçirilir.
|