|
|
Uşu üzrə XXIX Azərbaycan çempionatının açılış mərasimi olub |
|
Tarix: 14.05.2022 | Saat: 14:20:00 | E-mail | Çapa göndər
|
|
Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə uşu üzrə XXIX Azərbaycan çempionatı start götürüb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda böyüklər, gənclər və yeniyetmələr iştirak edirlər.
Cempionatın açılış mərasimində Azərbaycan Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy çıxış edərək bu idman növünün ölkəmizdə inkişafından danışıb. O qeyd edib ki, XXIX Azərbaycan çempionatı ötən il keçirilməli olsa da, pandemiya səbəbindən baş tutmayıb: “Sevindirici haldır ki, artıq tədbir və turnirlərin keçirilməsinə başlanılıb. Çempionatda 20-dək komandanın tərkibində 100-dən artıq idmançı mübarizə aparır. Budəfəki yarışda regionlardan 8 komanda iştirak edir. Bu da onun göstərir ki, rayonlarımızda da uşu inkişaf etməkdədir. Qarşıda uşuçularımızı bir sıra beynəlxalq yarışlar gözləyir. Belə ki, bu ilin sonunda Malayziyada gənclər arasında dünya çempionatı keçiriləcək. Eləcə də, gələn il uşuçularımız böyüklərin mundialında mübarizə aparacaqlar. Əsas məqsədimiz isə 2026-cı ildə keçiriləcək Gənclərin Yay Olimpiya Oyunlarında komandamızın yüksək səviyyədə iştirakına nail olmaqdır. Dörd il bundan qabaq uşu Gənclərin Yay Olimpiya Oyunlarının proqramına daxil edilib”.
Sonra çıxış edən GİN-in nümayəndəsi Oruc Məmmədli Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də inkişaf edir: “Azərbaycan idmançıları beynəlxalq arenalarda keçirilən nüfuzlu yarışlarda yüksək nəticələr qazanmaqla böyük qələbələrə imza atırlar. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində görülən işlər davam edir. Bu gün yeniyetmə və gənclərimizin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Uşu həm paytaxt Bakıda, həm də regionlarımızda inkişaf edir. Bu idman növünə uşaqlar arasında maraq getdikcə artır. Çempionatın təşkilində əsas məqsəd istedadlı idmançıların aşkar edilməsi, onların yığma komandanın heyətində beynəlxalq turnirlərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsinə nail olmaqdır”.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Tədbirdən sonra yarış davam edib.
Ölkə çempionatı mayın 15-dək davam edəcək. Çempionatın təşkilində əsas məqsəd uşu idman növünün kütləviliyinin təmin edilməsi, yığma komandaların tərkibinin formalaşdırılması və idmançıların yarış təcrübəsinin artırılmasıdır.
|
|
|
|
Xəbər 344 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|