Aprelin 9-da Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar seçki ümumi yığıncağı keçirilib.
Federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak ediblər.
Yığıncaqda federasiyanın İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yolu ilə seçilib. Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Beləliklə, AGF-nin 5 nəfərdən ibarət İcraiyyə Komitəsində Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, vitse-prezident Namiq Əliyev, N.Abdullayev, F.Mansurov və Vasif Məmmədov yer alıblar.
Qeyd edək ki, İcraiyyə Komitəsinin yeni üzvü V.Məmmədov daha əvvəl Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
|