Nəhayət, 2021-ci il təqvimdə keçmiş tarixə çevrildi. Maraqlı anları, bəzən həyəcanlı, bəzən də xoş anları ilə yaddaşlara yazılan il idman dünyası üçün bir çox əlamətdar hadisələrlə də zəngin oldu. Ötən il dünya idmanı üçün ilk olaraq, 2020-ci ildən təxirə salınmış Tokio Olimpiadası, Paralimpiya Oyunlarının reallaşması ilə xatırlanacaq.
Pandemiya idmana və Olimpiya hərəkatına mane ola bilmədi. Azərbaycan 44 idmançı ilə təmsil olunduğu Olimpiadadan 3 gümüş, 4 bürünc olmaqla, 7 medalla qayıtdı. Paralimpiyaçılarımız isə möhtəşəm çıxışları ilə tarix yazdılar. 14 qızıl, 1 gümüş və 4 bürünc medalla ölkələr sıralamasında ilk onluğa daxil olmaqla paralimpiya tariximizin ən böyük uğurunu qazandılar.
Futbol üzrə Avropa çempionatının final mərhələsi də bir il təxirə salınmadan sonra, bu il Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edildi və Azərbaycan futbol azarkeşləri paytaxtımızda 3 qrup və 1 ¼ final oyununu tribunadan canlı izləmək imkanı qazandılar.
Azərbaycanın dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal alıb. Bu il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, Aerobika gimnastikası və Batut gimnastikası üzrə dünya çempionatları, 28-ci Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, Formula 1 Qran prisi, paracüdo üzrə IBSA Judo Qran-prisi kimi yarışlar da Azərbaycanın təşkilatçılıq aktivinə yazıldı. Ümumiyyətlə, bu il ölkəmiz 15 beynəlxalq yarışa ev sahibliyi etdi.
İl ərzində müxtəlif növlər üzrə yığma komandalarımız 92 təlim-məşq toplanışına cəlb ediliblər. Milli komandalarımız ümumilikdə 182 beynəlxalq yarışda iştirak ediblər. Pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkəmizin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib. İl ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan üçün ümumilikdə, 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə idmana qayğı və diqqətini əks etdirən məqamlardan biri də idmançıları və bu sahədə çalışanları dövlət mükafatları, fəxri adlarla təltif etməsidir. İl ərzində dövlətimizin başçısı idman sahəsinə aid 11 sərəncam imzalayıb.
Bu il bir sıra yeni idman mərkəzləri istifadəyə verildi. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin və Şamaxı şəhər stadionunun açılışı, həmçinin Milli Gimnastika Arenasının yeni məşq binasında, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq oldu.
Prezident İlham Əliyevin futbol tariximizdə ilk dəfə Avropa UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul etməsi və həmin gün imzaladığı sərəncamla kluba maliyyə dəstəyi göstərməsi idmana dövlət qayğısının növbəti nümayişi oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin edilib. Dövlətimizin başçısı həmin gün gənclər siyasəti və idmanın inkişafı yolunda bir sıra tapşırıq və tövsiyələr verib. Həmin tapşırıqların icrası, o cümlədən, bədən tərbiyəsinin kütləviliyi, idmanın inkişafı bu gün Gənclər və İdman Nazirliyinin fəaliyyətində prioritet məsələdir.
Ötən müddətdə bir çox idman federasiyalarında görüşlər keçirilib, həmin qurumların fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb.
Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda “Qürurla irəli!” şüarı ilə təşkil edilmiş “Qələbə qaçışı” həm əlamətdar, həm də kütləvi yarış olaraq cəmiyyətdə rəğbətlə qarşılandı. Ölkəmizin əksər bölgələrindən, müxtəlif yaş kateqoriyalarından olan insanlar qaçışa qoşularaq həmrəylik nümayiş etdirdilər. Səsimizə səs verərək - YAŞAT Fonduna ianə etməklə - Qarabağın düşmən işğalından azad edilməsində canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizin sosial müdafiəsinə dəstək oldular. Əhalinin sağlam həyat tərzinə təşviq edilməsi baxımından, bu xeyriyyə tədbirinin ənənəvi olmasına çalışacağıq.
Daha bir xeyriyyə tədbiri - “Unutma, YAŞAT” futbol turniri də böyük maraqla qarşılandı, gənclər və idman sferalarında çalışan 1000-dək insanı öz ətrafına topladı.
Olimpiya ili başa çatdığı üçün və eləcə də, bir çox idman federasiyalarının nizamnamələrinə uyğun olaraq, bu ilin noyabr-dekabr ayları ərzində cüdo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol, velosiped idmanı, güləş, badminton, basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvondo federasiyalarının hesabat-seçki konfransları təşkil olundu. Həmin federasiyaların ötən Olimpiya dövrü üçün hesabatları dinlənildi və yeni seçkilər keçirildi.
Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib. Belə bir ildə böyük idmanın Qarabağa qayıdışı yolunda ilkin addımların atılacağına əminik. Bu istiqamətdə ilk addım isə Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşası olacaq.
Yeniliklər, uğurlar və bəzən də həyəcanlı anları ilə xatırlanacaq 2021-ci il artıq təqvimdə öz yerini 2022-ci ilə təhvil verib. Qarşıda bizi daha məsuliyyətli və idman yarışları ilə zəngin il gözləyir. İnanırıq ki, bədən tərbiyəsi və idmanın bütün istiqamətlərində uğur qazanaraq inkişafın sağlam təməlinə sahib olacağıq.
2022-ci ildə biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik. Bu baxımdan azarkeşlərin tribunalarda idmançılarımıza daha böyük dəstəyinə də şahid olacağımıza ümid edirik.
|