Mototrial idman növü üzrə nümayiş xarakterli yarışlar Polşanın Krakov şəhərində 2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilə bilər.
Bu barədə Polşa Milli Olimpiya Komitəsinin saytında məlumat verilib.
Qurumun rəhbəri Andrey Krasnitski və Beynəlxalq Motosiklet Federasiyasının (FIM) prezidenti Xorxe Vieqas Avropa Oyunları çərçivəsində mototrial idman növü üzrə nümayiş xarakterli yarışların keçirilməsini müzakirə ediblər.
Məlumatda bildirilib ki, yarış üçün yalnız elektrik motosikllərindən istifadə ediləcəyi planlaşdırılır. X.Vieqas artıq nümayiş turniri üçün yer ayırmaq istəyi ilə Oyunların təşkilatçıları olan Avropa Olimpiya Komitələrinə (AOK) müraciət edib. Layihənin Beynəlxalq Motosiklet Federasiyası tərəfindən maliyyələşdirilməsi və hazırlığın Polşa Avtoidman Assosiasiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Sentyabrda III Avropa Oyunlarının Təşkilat Komitəsi yarışların ilkin proqramını təsdiqləyib. Belə ki, Oyunların proqramına kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, trampilindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma idman növləri daxil edilib.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci yarış isə ötən il Belarusun paytaxtı Minskdə təşkil edilib. Üçüncü Avropa Oyunlarının isə 2023-cü il iyunun 9-dan 24-dək Polşada keçirilməsi nəzərdə tutulub.
|