Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib.
Sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilir. Yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Açılış mərasimində AAAF-ın vitse-prezidentləri Ruslan Xanverdiyev və Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Fizuli Musayev, Türkiyənin Adana şəhərinin gənclər və idman idarəsinin rəisi Kadir Gül, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, həmçinin ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, ağır atletika üzrə Azərbaycanın yığmasının baş məşqçisi Tofiq Heydərov Vətən uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Milli Qəhrəman, sabiq ağır atlet Fəxrəddin Şahbazovun da xatirəsinin daim ehtiramla yad edildiyini bildirib. Bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayan T.Heydərov qeyd edib ki, 13 ölkənin atletlərinin qatıldıqları bu yarış yüksək səviyyədə təşkil olunub. Məqsədimiz şəhidlərimizin ruhunu yad etməklə yanaşı, torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan erməni terrorçularına sarsılmaz iradəmizi nümayiş etdirməkdir.
Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyini vurğulayan T.Heydərov ölkəmizdə ağır atletikanın kütləviləşməsi və bu sahədə qazanılan uğurların təbliği istiqamətində görülən işlərdən danışıb. O, yüksək diqqət və qayğısına görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, eləcə də AAAF rəhbərliyinə minnətdarlığını bildirib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov şəhidlərimizin ruhuna göstərilən yüksək ehtiramın, onların xatirə turnirlərinin təşkilinin ənənə halını almasının təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, idman ölkəsi olan Azərbaycanda mötəbər tədbirlərin, yarışların təşkili artıq ənənəyə çevrilib. R.Abbasov Azərbaycan idmanının belə yüksək səviyyəyə çatmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin həmkarlar ittifaqının sədr mavini Mübariz Süleymanlı bu cür beynəlxalq yarışların keçirilməsinin ölkəmizin dinamik inkişafının, ölkəmizin tərəqqisinin göstəricisi olduğunu qeyd edib.
Çıxışlardan sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonda bir qrup şəxsə xatirə plaketləri və hədiyyələr təqdim olunub. Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun nəvəsi, babasının adını daşıyan balaca Fəxrəddinə ağır atletika üzrə yığma komandanın forması və yarışın ilk qızıl medalı təqdim edilib.
|